Elmar Məmmədyarov Fransanın dövlət naziri ilə Dağlıq Qarabağ problemini müzakirə edib

Elmar Məmmədyarov Fransanın dövlət naziri ilə Dağlıq Qarabağ problemini müzakirə edib
# 03 dekabr 2015 16:49 (UTC +04:00)

Bakı – APA. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Belqradda ATƏT Nazirlər Şurasının 22-ci iclası çərçivəsində Fransanın Avropa məsələləri üzrə dövlət naziri Harlem Desirlə görüşüb.

XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycan və Fransa arasında ikitərəfli siyasi, iqtisadi və mədəni əlaqələrin davamlı şəkildə inkişafından məmnunluq ifadə olunub.

E. Məmmədyarov Azərbaycanın Fransa ilə əməkdaşlığının inkişafında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili, UNESCO/İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın xüsusi rolunu diqqətə çatdırıb. Görüş əsnasında ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesinə dair fikir mübadiləsi aparılıb.

Nazir Azərbaycanın Fransanın münaqişənin həlli istiqamətində olan səylərini alqışladığını qeyd edib. Fransa prezidenti Fransua Ollandın təşəbbüsü ilə 2014-cü ilin noyabrında ATƏT Minsk qrupunun digər həmsədr dövlətlərinin iştirakı ilə Azərbaycan və Ermənistan prezidentlərinin Parisdə keçirilmiş görüşünü xatırladıb. Paris görüşündə müzakirə olunan məsələlərin, xüsusilə Hərtərəfli Sülh Sazişinin hazırlanması istiqamətində konstruktiv addımlar atmaq əvəzinə Ermənistanın təxribatçı məqsədlərlə görüşdən dərhal sonra Azərbaycanın işğal olunmuş ərazilərində genişmiqyaslı hərbi təlim keçirdiyini və məlum helikopter insidentinin baş verməsinə rəvac verdiyini vurğulayıb. O, həmçinin, prezidentlərin Paris görüşündə Beynəlxalq Qızıl Xaç Komitəsinin xətti ilə itkin düşmüş şəxslər haqqında məlumat mübadiləsi və DNT bazasının yaradılmasına dair razılığın əldə olunmasına diqqəti çəkərək, Ermənistanın təcavüzü nəticəsində 4000-dən artıq azərbaycanlının hələ də itkin düşmüş şəxs statusunda olduğunu vurğulayıb.

H. Desir isə Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi münaqişənin sülh yolu həllinin tərəfdarı olduğunu qeyd edərək, ölkəsinin bu xüsusda səylərini davam etdirəcəyini bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR