Müsavat rəhbərliyi Tofiq Yaqublunun Milli Şurada qalmasına münasibət bildirib

Müsavat rəhbərliyi Tofiq Yaqublunun Milli Şurada qalmasına münasibət bildirib
# 07 aprel 2016 10:00 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. “Müsavat Partiyasının üzvləri bilməlidirlər ki, partiya Nizamnaməsindən kənar hərəkət etmək olmaz”.

Bunu APA-ya açıqlamasında Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı deyib.

O, Müsavat başqanının müavini Tofiq Yaqublunun hələ də Milli Şuranın üzvü kimi qalmasına münasibət bildirərək, bu məsələnin hələlik partiyada müzakirə olunmadığını qeyd edib: “Tofiq Yaqublu Milli Şurada qalmağı ilə bağlı Divanda hər hansı fikir səsləndirməyib. Nə vaxt səsləndirsə, biz onu müzakirə edərik. Biz bu məsələni yalnız Tofiq Yaqublunun özü ilə görüşəndən sonra müzakirə edəcəyik. Mən hər kəsin fikrinə hörmətlə yanaşıram. Amma Müsavatın üzvləri nəzərə almalıdır ki, partiyanın Nizamnaməsi var və Nizamnamə çərçivəsindən kənarda hərəkət etmək olmaz”.

Qeyd edək ki, T. Yaqublu APA-ya açıqlamasında Müsavatın Milli Şuradan çıxmaqla bağlı qərarının olmasına baxmayaraq, hələ də bu qurumda təmsil olunduğunu bildirib.

O bunu Milli Şuranın siyasi partiyaların deyil, fərdlərin birliyi əsasında formalaşdırılması ilə əsaslandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR