Türkiyə baş nazirinin müavini: “İslahat aparmamaq gələcək nəsillərə zülm etməkdir”

Türkiyə baş nazirinin müavini: “İslahat aparmamaq gələcək nəsillərə zülm etməkdir”
# 25 mart 2016 10:07 (UTC +04:00)

Bursa. Mayis Əlizadə - APA. Türkiyənin Bursa vilayətinin Uludağ rayonunda ənənəvi V Uludağ İqtisadiyyat Zirvəsi başlayıb. APA-nın Türkiyə bürosunun xəbərinə görə, Türkiyə baş nazirinin iqtisadiyyata cavabdeh müavini Mehmet Şimşək zirvə toplantısının açılışında çıxış edib.

Dünyanın iqtisadi və maliyyə problemlərinin işığında Türkiyənin iqtisadi problemləri barədə danışan M. Şimşək ölkənin əsas məsələsinin iqtisadi islahatların davam etdirilməsi olduğuna diqqəti cəlb edərək deyib: “Üzərində durulması lazım olan əsas məsələ struktur islahatlarını dərinləşdirmək olmalıdır. İslahatlara ciddi şəkildə davam etsək, işsizlik probleminin həllində böyük irəliləyiş əldə edə bilərik. Türkiyədə hər şey güllük-gülüstanlıq olsaydı, sizin qarşınıza struktur problemləri ilə çıxmazdıq. Milli gəlirin bölüşdürülməsi sahəsində dünyada olduğu, kimi bizdə də problemlər qalsa da, Türkiyə bu sahədə OECD ölkələri arasında vəziyyəti yaxşılaşmış iki ölkədən biridir”.

Baş nazirin müavini bildirib ki, 2008-ci ildəki dünya maliyyə böhranından üzü bəri Türkiyə 6,5 milyon insan iş tapıb: “Türkiyə yoxsulluğa qarşı mübarizədə son 10 ildə çox böyük uğur əldə edib. Keçən il ilk dəfə büdcəmiz Avropa Birliyi kriteriyalarına görə açıq vermədi. İnflyasiyanı tək xanalı rəqəmə endirmişik, orada saxlayırıq, ancaq bu, kifayət deyil, sərmayə yatırımlarının davam etməsi üçün inflyasiyanı daimi şəkildə tək xanalı rəqəmdə saxlamalıyıq”.

Dünyada sərmayənin təkcə orta səviyyədə inkişaf etmiş ölkələrdən deyil, inkişaf etmiş ölkələrdən də çıxdığını xatırladan M. Şimşək, “sərmayə çıxışı mənfi faiz olan ölkələrdə də baş verdi, çünki qorxurlar. Ötən il Türkiyədən də ciddi sərmayə çıxışı oldu. İsraf etməyib ayağımızı yorğanımıza görə uzatmağı bacarmalıyıq. Biz bunu dövlət sektorunda bacardıq. Vətəndaşlarımızdan xahiş edirik ki, gələcək üçün pul yığsınlar. 100 TL yığana biz 25 TL veririk. Sərmayədarlara deyirik ki, siz ortaq tapın, sərmayənizi artırın, biz sizin daha çox qazanmağınıza dəstək verək”, - deyə vurğulayıb.

Qlobal terrorçuluğun dünya iqtisadiyyatını təhdid etdiyini söyləyən M. Şimşək bildirib ki, Brüsseldə PKK çadır quranda problem olmur: “Bu, doğru deyil, terror qruplarının hamısı eynidir. Dünya ölkələri terror qruplarının hamısını eyni çərçivəyə qoyandan sonra terror problemi qalmayacaq”.

İqtisadiyyatda bürokratik proseslərin inkişafı əngəllədiyini deyən M. Şimşək Yeni Zelandiya örnəyi ilə sözlərinə davam edib: “Yeni Zelandiyada şirkət qurma işləri yarım gündə tamamlanır. Türkiyədə isə 28 gündə. Niyə bizdə yarım gündə tamamlanmır? Bu sahədə inqilab etməliyik. Hal-hazırda yeni bir islahat paketi üzərində iş gedir, biz də Yeni Zelandiya standartını yaxalayacağıq. Türkiyə niyə ildə 30-50 milyard dollar əcnəbi sərmayə çəkməsin? Bu sahədə ciddi islahatlar aparacağıq. Bir saniyə də itirəcək vaxtımız yoxdur. İslahat aparmamaq gələcək nəsillərə zülm etməkdir, gələcək nəsillərdən oğurlamaqdır”.

Baş nazirin müavini iqtisadi islahatlara paralel şəkildə hökumətin hüquq sahəsində də ciddi islahatlar aparacağını bildirib. O, Türkiyənin dövlət idarəçiliyində də ciddi problemlər olduğunu xatırladıb: “Bizim anlayışımızda dövlət vətəndaşa xidmət edən qurumdur. Ciddi dövlət kadrları islahatına ehtiyacımız var. Əsas hədəfimiz dövlətimizi Avropa Birliyi standartında idarəçilik səviyyəsinə gətirməkdir. Niyə bizim Avropaya ehtiyacımız var? Son bir neçə ildə Avropanı ciddi şəkildə tənqid edirlər. Bu, tamamilə yanlışdır. Biz hüquq dövləti qurmaq üçün haradan ilham alacağıq? Mən dünyaya baxıb Qərbi Avropadan başqa ilham alacağımız yer görmürəm. Biz Avropa Birliyi ilə yaxınlaşma prosesinə güclü şəkildə davam edəcəyik. Türkiyənin demoqrafik strukturu da Avropa üçün bir fürsətdir. Avropa Birliyi beynəlxalq münasibətlərdə ciddi şəkildə söz sahibi olmaq istəyirsə, Türkiyə onun üçün ən yaxşı tərəf-müqabildir. Buna görə biz Avropadan Türkiyəni təşviq etməsini istəyirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR