Los-Ancelesdəki yəhudi icması ABŞ Nümayəndələr Palatasının sədrini Azərbaycana dəstək verməyə çağırıb

Los-Ancelesdəki yəhudi icması ABŞ Nümayəndələr Palatasının sədrini Azərbaycana dəstək verməyə çağırıb
# 19 aprel 2016 09:43 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Los-Ancelesdəki yəhudi icması Azərbaycana dəstək verilməsi üçün ABŞ Konqresinin Nümayəndələr Palatasının sədrinə müraciət edib.

APA-nın məlumatına görə, İran mənşəli yəhudilərin ən böyük təşkilatı sayılan İran Yəhudiləri Federasiyasının (Iranian American Jewish Federation) rəhbərliyi ABŞ Nümayəndələr Palatasının sədri Pol Rayana (Paul Ryan) məktub ünvanlıb. Məktubda Xəzər dənizi hövzəsində, önəmli strateji məkanda yerləşən Azərbaycanın ABŞ-ın ən nadir müttəfiqlərindən biri olduğu bildirilir. Azərbaycanın Avrasiya regionunda dünyəvi-demokratik təsisatlara malik ölkə olmaqla yanaşı, multikulturalizm və etiqadlararası münasibətlər sahəsindəki uğurları ilə bənzərsiz nümunə təşkil etdiyi ifadə olunur. Qeyd edilir ki, Azərbaycan 2001-ci ildə 11 sentyabr terror aktlarından sonra beynəlxalq terrorizmə qarşı ABŞ-la sıx əməkdaşlıq edən ilk ölkələrdən biridir.

Məktubda Azərbaycanın İraq və Kosovada aparılan beynəlxalq əməliyyatlardakı rolundan bəhs olunur, ABŞ-ın Avropdakı müttəfiqlərinin, habelə İsrailin enerji təhlükəsizliyinin gücləndirilməsinə verdiyi töhfələrə diqqət çəkilir, hazırkı vəziyyətdə ABŞ-ın Azərbaycan kimi müttəfiqlərinin önəmi qeyd olunur. Bu baxımdan ABŞ-ın Azərbaycanla bağlı siyasətinin şübhə və qətiyyətsizliyə deyil, dəstək və əməkdaşlığa əsaslanmalı olduğu vurğulanır. Məktubun sonunda spikerdən xahiş edilir ki, ABŞ-ın önəmli müttəfiqi olan Azərbaycana dəstək verilməsi istiqamətində səylərini artırsın.

Qeyd edək ki, məktub ötən ilin dekabrında konqresmen Kristofer Smit (Christopher Smith) tərəfindən ABŞ Konqresində Azərbaycan əleyhinə irəli sürülmüş qanun layihəsinə (Azerbaijan Democracy Act) etiraz olaraq yazılıb. Məktubun surəti sözügedən qanun layihəsinin Konqresdə baxıldığı müvafiq komitələrə, o cümlədən Nümayəndələr Palatasında konqresmen Ed Roysun sədrlik etdiyi Xarici Əlaqələr Komitəsinə göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR