Ramil Usubov vakant sıravi və kiçik rəis heyəti vəzifələrinə təyin edilən polis zabitləri ilə görüşüb

Ramil Usubov vakant sıravi və kiçik rəis heyəti vəzifələrinə təyin edilən polis zabitləri ilə görüşüb
# 19 fevral 2016 13:09 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bu gün Daxili İşlər Nazirliyində (DİN) sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət edən ali hüquq təhsilli əməkdaşların respublikanın ərazi polis orqan və hissələrində vakant olan zabit yerlərinə təyin edilmələrinə həsr olunmuş tədbir keçirilib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov ənənəvi olaraq təyinatın şəffaflıq, aşkarlıq və ədalət prinsipləri əsasında gerçəkləşdiyini xatırladıb.

Baş Kadrlar İdarəsinin rəisi, polis general-mayoru Rafiq Abbasov nazirliyə 35 əməkdaşın dəvət edildiyini bildirib, onların və təyin edildikləri vəzifələrin siyahısını elan edib. Nazirliyə dəvət olunanlardan 10 nəfəri əməliyyat müvəkkili, 20-si sahə inspektoru, 5 nəfəri isə kadr, post-patrul xidmətlərinə, həmçinin, məsul növbətçi, yetkinlik yaşına çatmayanların işləri üzrə inspektor vəzifələrinə təyinat alıb.

Tədbirin sonunda daxili işlər naziri gənc əməkdaşlara tapşırıq və tövsiyələrini verib. Nazir gəncləri bir daha təbrik edərək zabit olmağın şərəfli bir iş olduğunu, ümumilikdə onların vətəndaşlara münasibətindən daxili işlər orqanları barədə müsbət və ya mənfi ictimai rəyin yarana biləcəyini, polis adını uca tutmalarını, daim bilik və təcrübələrini artırmalarını, öz üzərilərində işləmələrini, ən müasir informasiya texnologiyalarına yiyələnmələrini, vətəndaşların müraciətlərinə həssaslıqla və operativ şəkildə yanaşmalarını, ədalətli və obyektiv olmalarını, cinayətkarlıqla mübarizədə hər zaman cəzanın labüdlüyü prinsipindən, dövlətin və qanunun mənafeyindən çıxış etmələrini tövsiyə edib, çətin və şərəfli xidmətlərində onlara uğurlar arzulayıb.

Daxili işlər naziri əmin olduğunu bildirib ki, gənc zabitlər bu yöndə səylərini əsirgəməyəcək, dövlətçiliyə, anda sədaqətlə xidmət edəcək, göstərilmiş etimadı layiqincə doğruldacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR