Dövlət qulluğuna qəbulla bağlı dəyişiklər layihəsi təkrar baxılması üçün mütəxəssislərə qaytarılıb

Dövlət qulluğuna qəbulla bağlı dəyişiklər layihəsi təkrar baxılması üçün mütəxəssislərə qaytarılıb
# 28 aprel 2016 11:20 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Azərbaycan Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət qulluğu haqqında” qanunda dövlət qulluğuna qəbulla bağlı dəyişikliklər layihəsi narazılığa səbəb olub.

APA-nın məlumatına görə, deputat Çingiz Qənizadə bildirib ki, ümumiyyətlə dövlət qulluğuna qəbulda müsahibə ləğv olunmalıdır: “Müsahibə mərhələsi subyektivliyə gətirib çıxarır ki, bunun da nəticəsində bir çox savadlı kadr dövlət qulluğuna keçə bilmir. Namizəd test mərhələsində uğurlu nəticə göstəribsə, daha müsahibəyə nə ehtiyac var? Yeni layihədə dövlət qulluğuna qəbul asanlaşdırılmaq əvəzinə daha da çətinləşdirilib. Hesab edirəm ki, layihə yenidən işlənməlidir”.

Deputatlar Qüdrət Həsənquliyev, Fəzail Ağamalı, Vüsal Hüseynov, Rəfael Cəbrayılov və Tahir Kərimli də layihəyə etiraz ediblər.

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədr müavini Bəhram Xəlilov isə müsahibə mərhələsinin vacibliyini vurğulayıb, ancaq layihə üzərində işləməyin lazım olduğunu bildirib.

Komitə sədri Əli Hüseynli deyib ki, layihənin tərəfdarı olsa da, səsləndirilən iradlar nəzərə alınması, layihənin baxılması üçün mütəxəssislərə verilməsi, yenidən müzakirə edilməsi məqsədə uyğundur.

Qərara alınıb ki, layihə yenidən baxılması üçün mütəxəssislərə qaytarılsın və yenidən müzakirə olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR