Fidan Hacıyeva: "Asyadan sonra Gülçöhrə obrazını ifa etmək maraqlıdır" - FOTOSESSİYA

Fidan Hacıyeva: "Asyadan sonra Gülçöhrə obrazını ifa etmək maraqlıdır" - <span style="color: red;">FOTOSESSİYA
# 11 noyabr 2015 14:06 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Beynəlxalq Mətbuat Mərkəzində opera müğənnisi, xalq artisti Fidan Hacıyeva “Arşın mal alan” operettasında canlandıracağı Gülçöhrə obrazı, xarici səfərləri, digər yenilikləri və layihələri barədə məlumat vermək üçün mətbuat konfransı keçirib.

APA-nın məlumatına görə, F. Hacıyeva bildirib ki, noyabrın 28-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının nümayişi olacaq: ““Arşın mal alan” əsəri komik əsərdir və Gülçöhrə obrazı çətin obrazdır. Lakin rolunun öhdəsindən gələ biləcəyimə ümid edirəm. Uzun illər Asya rolunda çıxış etmişəm. Asyadan sonra Gülçöhrə obrazını ifa etmək mənə maraqlıdır. Səhnə əsərinin məşqləri artıq bitmək üzrədir. Hazırda orkestrin məşqləri üzərində iş aparılır".

1998-ci ildə Hafiz Quliyevin quruluşunda səhnəyə qoyulmuş “Arşın mal alan” artıq 17 ildir ki, fasiləsiz olaraq teatrın repertuarındadır.

Teatrın səhnəsində indiyə kimi Karmen (“Karmen”), Amneris (“Aida”), Azuçena (“Trubadur”), Rozina (“Sevilya bərbəri”), Gülüş (“Sevil”), Asya (“Arşın mal alan”), Xanəndə qız (“Koroğlu”) və s. rol və partiyaları ifa edən xalq artisti yeni rolunun öhdəsindən gələcəyinə ümid etdiyini bildirib.

Konfransda həmçinin Fidan Hacıyevanın Ələsgər Əliyevlə birlikdə milli retro musiqilərini fərqli tərzdə ifa edəcəyindən də söhbət açılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR