İranla Qazaxıstan arasında 9 sənəd imzalanıb

İranla Qazaxıstan arasında 9 sənəd imzalanıb
# 11 aprel 2016 13:41 (UTC +04:00)

Tehran. Süleyman Fərzəliyev – APA. İranla Qazaxıstan arasında 9 sənəd imzalanıb.

APA-nın Tehran bürosunun məlumatına görə, ölkə prezidentlərinin iştirakı ilə imzalanan sənədlər arasında İpək yolunun inkişaf etdirilməsi, bank sahəsində əməkdaşlıq və 1 milyard dollarlıq ticarət dövriyyəsinin artırılmasına dair sənədlər yer alıb.

İran prezidenti Həsən Ruhani bildirib ki, Qazaxıstan İrana qarşı sanksiyalar tətbiq olunan dövrdə Tehranı tək qoymayıb. O qeyd edib ki, banklar arasında əməkdaşlığın başlanılması, biznesmenlər üçün viza rejiminin sadələşdirilməsi və özəl sektorun gücləndirilməsi istiqamətində görülən işlər iki ölkə arasında əlaqələrin inkişafı üçün önəmli addımlardır.

H. Ruhani deyib ki, Tehranla Astana kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi, mədəniyyət, elm və texnologiya, neft, neft-kimya, nəqliyyat və dəmir yolu sahəsində əməkdaşlığa dair razılıq əldə ediblər. “İncə Burun –Bəndər Abbas dəmir yolu, Xəzər dənizinin hüquqi statusu və turizmin inkişafı ilə bağlı ayrıca müzakirələrimiz olub. Regionda terrorizm və radikalizmlə mübarizə, Yəmən, Suriya və İraqda sabitliyin bərqərar olması məsələləri də nəzərdən keçirilib”.

Qazaxıstan prezidenti Nursultan Nəzarbayov isə bildirib ki, sanksiyaların ləğvindən sonra İranla Qazaxıstan arasındakı münasibətlərin inkişafı üçün yeni səhifə açılıb. “Qazaxıstan həmişə İranın dostu və yardımçısı olub. İki ölkə arasında imzalanan sənədlərin ümumi dəyəri 2 milyard dollardır. Turizm, nəqliyyat və yük daşımaları sahəsində vacib razılaşmalar əldə olunub”, - deyə o vurğulayıb.

Qeyd edək ki, İranla Qazaxıstan arasında ötən gün də bir neçə sənəd imzalanıb. Ümumilikdə isə iki ölkə arasında 40 sənədin imzalanacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR