“Aqrar İnkişaf və ailə kəndli təsərrüfatları ilə daimi iş” komissiyasının növbəti iclası keçirilib

“Aqrar İnkişaf və ailə kəndli təsərrüfatları ilə daimi iş” komissiyasının növbəti iclası keçirilib
# 07 oktyabr 2016 16:12 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) “Aqrar İnkişaf və ailə kəndli təsərrüfatları ilə daimi iş” komissiyasının növbəti iclası keçirilib.

APA-Economics”in məlumatına görə, iclasda “Karat Holdinq”in icraçı direktoru Taleh Qasımov, heyvandarlıq kompleksinin rəhbərliyi, həmçinin bir sıra kənd təsərrüfatı şirkətlərinin eləcə də, qida istehsalçılarının rəhbərləri və aparıcı media təmsilçiləri iştirak edib.

Tədbiri giriş sözü ilə ASK-nın vitse-prezidenti Vüqar Zeynalov açıb. Sonra isə söz “Azərsun Holdinq”in rəhbəri Abdolbari Goozala verilib.

A. Goozal Azərbaycanda yeni iqtisadi mərhələnin başlaması ilə əlaqədar dövlət başçısı tərəfindən atılan addımlar, kənd təsərrüfatı sektorunda verilmiş fərman və sərəncamlara toxunaraq bunun Azərbaycanın kənd təsərrüfatı sektorunun uzunmüddətli inkişafına mühüm dəstək olacağını bildirib.

O, “Azərsun Holdinq”in Azərbaycanın kənd təsərrüfatı sektorunda fəaliyyəti, həyata keçirdiyi layihələrdən bəhs edib, həmçinin yerli xammal ehtiyatlarının genişləndirilməsi ilə əlaqədar atılan addımlara da toxunub. Bu sahədə mövcud çətinliklərə də nəzər salan A. Goozal iqtisadiyyatda son dərəcə qənaətcil siyasət tətbiq edilməsi, şirkətlər tərəfindən və yerli xammalın milli şirkətlərin dəstəkləməsinin əhəmiyyətini vurğulayıb. O, bununla bağlı dünya təcrübəsindən də nümunələr gətirib.

Bununla yanaşı, 10 il öncə prezidentin neft kapitalının insan kapitalına çevirməsindən və bu istiqamətdə addımlardan bəhs edən A. Goozal Azərbaycan bazarında baramaçılıq, pambıqçılıq, taxılçılıq sektorunda hazırlanmış təkliflərin dövlət başçısına, dövlətin müvafiq qurumlarına təqdim olunduğunu və dövlət tərəfindən müvafiq addımlar atıldığını, bu sahənin inkişafı istiqamətində effektiv qərarlar qəbul olunduğunu da vurğulayıb.

A. Goozal qeyd edib ki, idxal rüsumunun tətbiq olunduğu sahələr də uzunmüddətli inkişaf mərhələsində öz müsbət nəticəsini göstərəcək. Yerli istehsalçılar ixrac rüsumları ilə qorunan sahələrin inkişafına daha da maraq göstərəcəklər.

O, həmçinin Azərbaycanın ən uğurlu istiqamətlərindən birinin marka yaratma olduğunu, Azərbaycan məhsullarının brendləşməsinin günün tələbi olduğunu qeyd edib. A Goozal bu istiqamətdə dövlət başçısının “Made in Azerbaijan” brendinin formalaşdırılması və təşviqi-təbliği ilə bağlı atdığı addımları , eləcə də Heydər Əliyev tərəfindən “Azərçay” brendinin yaradılması istiqamətində verdiyi tapşırıqları xatırladaraq bu gün “Azərçay”ın dünya markasına çevrildiyini vurğulayıb. O, həmçinin qeyd edib ki, yerli media öz yazılarında milli şirkətlərin maraqlarını qorumalı və milli məhsulların təbliğinə daha geniş yer ayırmalıdır: “Çünki yerli şirkətlər inkişaf edərsə, Azərbaycanın reklam bazarı da inkişaf edər və media sahəsində çalışan şirkətlər iqtisadi baxımdan daha azad və daha güclü olmuş olar”.

Qeyd edək ki, görüş sual-cavab xarakterli keçib və Azərbaycanın qida bazarında geniş çeşiddə müxtəlif yerli və xarici şirkətlərin məhsullarının satışının həyata keçirildiyi nəzərə çatdırıb.

Görüş iştirakçılarına təqdim olunan filmdə Azərbaycan bazarında yerli istehsalçılardan olan “Azərsun Holdinq”in rəf payının 10-15% olduğu qeyd olunub. Hər bir yerli məhsulla yanaşı, bazarda yüzlərlə alternativin olduğu da nümayiş olunan filmdə təsdiqini tapıb. Görüşdə iştirak edən media mənsublarının bütün sualları cavablandırılıb, görüş səmərəli işgüzar mühitdə yekunlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR