“Əliağa Vahid. Qəzəllər” kitabının təqdimatı keçirilib

“Əliağa Vahid. Qəzəllər” kitabının təqdimatı keçirilib
# 18 sentyabr 2015 09:51 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində “Əliağa Vahid. Qəzəllər” kitabının təqdimatı keçirilib. APA-nın məlumatına görə, tədbiri Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi açaraq Əliağa Vahidin Azərbaycan poeziyasının, xüsusilə qəzəl janrının inkişafında xidmətlərindən danışıb.

İ. Fəhmi bildirib ki, Əliağa Vahid gənc yaşlarından poeziyaya maraq göstərib, Bakıdakı “Məcməüş-şüəra” ədəbi məclisində yaxından iştirak edib. Satirik şeirlərində ictimai nöqsanları, mövhumatı, zülm və haqsızlığı tənqid edib.

Mədəniyyət və Turizm Nazirliyi Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri Vaqif Bəhmənli qəzəlxan şairin yaradıcılıq yolundan danışıb: “Əliağa Vahid elə bir şairdir ki, haqqında kimdən soruşsan, o, tərəddüd etmədən ətraflı söhbət açar. Bu, hər şairə nəsib olan tale deyil. O, çətin bir yaradıcılıq yolu keçsə də, əvəzsiz əsərlər yaradıb. Şairin yaradıcılığının sadəliyi, ahəngdarlığı Azərbaycan dilinin ruhunda yaşayır. Kitabda yer alan 150 qəzəl və miniatür şəkillər oxucularda dərin maraq yaradacaq”.

Kitabın rəssamı və tərtibçisi Fəxrəddin Əli qeyd edib ki, yeddi ildir Əliağa Vahid qəzəllərinə miniatürlər çəkir: “Kitabda yer alan hər bir qəzələ uyğun şəkil çəkdim. Şəkilləri mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevə təqdim etdim. Sağ olsunlar, baxdılar və dəyər verdilər”.

Tədbirin bədii hissəsində əməkdar artist, xanəndə Firuz Səxavətin ifasında şairin qəzəlləri səsləndirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR