Azərbaycan aktiv məşğulluq tədbirləri sahəsində Fransa təcrübəsini öyrənir

Azərbaycan aktiv məşğulluq tədbirləri sahəsində Fransa təcrübəsini öyrənir
# 11 mart 2016 12:29 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Fransanın “Pole Emploi” Məşğulluq Agentliyinin nümayəndələrinin iştirakı ilə əmək bazarı proqramları, sosial müdafiəyə xüsusi ehtiyacı olan əhali qrupları üçün əmək bazarında iştirak imkanlarının yaradılması sahəsində Fransa təcrübəsinin öyrənilməsi məqsədilə seminar keçirilib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, hazırda ölkəmizdə dövlət məşğulluq siyasətinin təkmilləşdirilməsi, onun icra mexanizminin səmərəliliyinin artırılması istiqamətində aparılan işlərdə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsinə xüsusi önəm verilir. Bu məqsədlə mötəbər beynəlxalq qurumlarla, ayrı-ayrı inkişaf etmiş dövlətlərlə, o cümlədən Fransa ilə fəal əməkdaşlıq həyata keçirilir, təcrübə mübadilələri aparılır.

İki gün davam edən seminarda Fransanın “Pole Emploi” Məşğulluq Agentliyinin nümayəndələri Veronik Saler və Arnon Monin tərəfindən Fransa Dövlət Məşğulluq Xidmətinin ortamüddətli (2016-2020) məşğulluq strategiyası, həmin ölkənin əmək bazarında sosial müdafiəyə xüsusi ehtiyacı olan əhali qrupları, o cümlədən gənclər, əlilliyi olan şəxslər, uzunmüddətli işsizlikdən əziyyət çəkənlər və b. üçün əlverişli şəraitin yaradılması sahəsində aparılan işlər barədə təqdimatlar edilib. Tədbirdə həmçinin peşəyönümü və peşə təlimi, işçi qüvvəsinin əmək bacarıqlarının artırılması sistemləri sahəsində Fransa təcrübəsini əks etdirən məlumatlar verilib, müzakirələr aparılıb.

Səfər çərçivəsində fransalı mütəxəssislər nazirliyin Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində də olublar. Onlar mərkəzin fəaliyyəti ilə yaxından tanış olduqdan sonra belə bir müəssisənin yaradılmasının, burada aparılan işlərin sağlamlıq imkanları məhdud gənclər üçün əmək bazarına çıxış imkanlarının yaradılması baxımından önəmli bir təcrübə olduğunu vurğulayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR