Azərbaycanda ali məktəblərə qəbul qaydası dəyişə bilər

Azərbaycanda ali məktəblərə qəbul qaydası dəyişə bilər
# 15 sentyabr 2016 06:56 (UTC +04:00)

Təhsil naziri: “Bir çox ölkələr ali təhsilə yiyələnmək arzusu olan hər kəsə bu hüququ verir, Təhsilin inkişafı üzrə Dövlət Strategiyasında da qəbul planının ləğvi nəzərdə tutulur”

Bakı-APA. Azərbaycanda ali məktəbə qəbul prosesində ciddi dəyişikliklər ola bilər.

APA-nın məlumatına görə, bunu “Azərbaycan” qəzetinə müsahibəsində təhsil naziri Mikayıl Cabbarov açıqlayıb.

M. Cabbarov deyib ki, ali təhsilə çıxış ilə bağlı dünyada iki təcrübə var: “İlk nümunə keyfiyyətlə bağlıdır - ali təhsilə girişdə bal məhdudiyyətinin qoyulması. Belə praktika dünyada mövcuddur. Bu gün Azərbaycan da bu modeldən istifadə edir. Hətta beynəlxalq səviyyəli test imtahanlarının nəticələri eyni ölkədə universitetlərin reytinq əmsalına görə dəyişir. Universitetlərə qəbulda keyfiyyətlə bağlı qoyulan bal məhdudiyyəti həm də əmək bazarının tələbidir. Biz həm də son iki ildə ali təhsil müəssisələrinə bir sıra prioritet ixtisaslar üzrə minimal keçid ballarını artırmışıq. Yəni, burada qarşıya qoyulan məqsəd odur ki, ali təhsil müəssisələri öz potensialını və profilini nəzərə almaqla ixtisasları, onların sayını və sifarişlərini müəyyənləşdirməlidirlər”.

Təhsil naziri bildirib ki, ikinci yanaşma hər istəyənə ali təhsil almaq hüququ verməkdir. Burada önə çəkilən amil təhsilin əlçatanlığıdır: “Bir çox ölkələr ali təhsilə yiyələnmək arzusu olan hər kəsə bu hüququ verir. O şərtlə ki, vətəndaş öz təhsil xərcini tam şəkildə üzərinə götürür. Ali təhsilin əlçatanlığı “bilik iqtisadiyyatı” və ya “post sənaye” dövrü üçün uğurlu bir model kimi dəyərləndirilir. Bu, ölkədə insan kapitalının keyfiyyətinə müsbət təsir edir, iş yerlərinin yaradılması və iqtisadiyyatın inkişafı ilə sıx bağlıdır. Təhsilin inkişafı üzrə Dövlət Strategiyasında da qəbul planının ləğvi nəzərdə tutulur. Bu isə universitetlərdən daxili qiymətləndirməyə və yekun imtahana olan yanaşmaya yeni baxış tələb edir. Yuxarıda qeyd etdiyim mövzuların hər biri cəmiyyətdə müzakirə edilməlidir. Bu məsələlər dövlətin iqtisadi siyasəti və strukturu, həmçinin ictimai siyasətlə sıx bağlıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR