“Xəzər Lənkəran” 2 futbolçunun transferini rəsmiləşdirib

“Xəzər Lənkəran” 2 futbolçunun transferini rəsmiləşdirib
# 01 fevral 2016 09:44 (UTC +04:00)

Bakı – APA. “Xəzər Lənkəran” daha 2 futbolçunun transferini rəsmiləşdirib. Apasport.az saytının məlumatına görə, “Rəvan”dan ayrılan Vüqar Bəybalayev və Tural Qürbətov bu gün cənub klubunun oyunçusu sayılırlar.

Son günlərdə adları “ağ-yaşıllar”la birgə hallanan hər 2 futbolçu ilə 1 illik müqavilə imzalanıb. Məlumatı əməkdaşımızla söhbətində “Xəzər Lənkəran”ın baş məşqçisi Elbrus Məmmədov da təsdiqləyib: “Vüqar və Tural bu gündən bizim futbolçulardı. Hər ikisi ilə rəsmi müqavilə imzaladıq. Həm Vüqara, həm də Turala ümidlərim böyükdü. İnanıram ki, komandaya əlavə güc qata biləcəklər”.

Bəybalayev və Qürbətovla bir neçə gün öncə şifahi razılıq əldə edən “Xəzər Lənkəran” müqavilələri bu gün imzalamaq məcburiyyətində qalıb. Bu isə “Rəvan” rəhbərliyinin xahişi ilə bağlı olub. Belə ki, qış fasiləsindən sonra çempionatda ilk oyununu “Xəzər Lənkəran”la keçirən “aslanlar” həmin matçda (0:0) Bəybalayev və Qürbətovun onlara qarşı oynamasını istəməyiblər. Məhz bu səbəbdən adıçəkilən futbolçular bu gündən rəsmən “Xəzər Lənkəran”lı olublar.

Qeyd edək ki, Premyer Liqada 19 turdan sonra 13 xal toplayan “Xəzər Lənkəran” turnir cədvəlində 9-cu pillədə qərarlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR