Ankarada Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadənin 90 illik yubileyi qeyd olunub

Ankarada Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadənin 90 illik yubileyi qeyd olunub
# 10 dekabr 2015 08:03 (UTC +04:00)

Bakı-APA. Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), Azərbaycanın və Türkiyənin Mədəniyyət və Turizm nazirlikləri və milli kitabxanaları tərəfindən Ankarada Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 90 illiyi münasibətilə anma mərasimi keçirilib.

Azərbaycanın Türkiyədəki səfirliyindən APA-ya verilən məlumata görə, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının mənzil-qərargahında keçirilən mərasimdə türkdilli ölkələrin elm və mədəniyyət xadimləri, şəhər ictimaiyyətinin nümayəndələri və ədəbiyyatsevərlər iştirak ediblər.

Tədbirin əvvəlində görkəmli şairin həyat və yaradıcılığından bəhs edən sənədli film nümayiş olunub.

Tədbirdə çıxış edən TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov, Türkiyə Milli Kitabxanasının direktoru Zülfi Toman, Azərbaycan Milli Məclisinin üzvü, Azərbaycan Atatürk Mərkəzinin rəhbəri Nizami Cəfərov, M.F. Axundov adına Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov və digər natiqlər Bəxtiyar Vahabzadənin anadan olmasının 90 illiyinin Türkiyədə qeyd olunmasını türk dünyasının ədiblərinə verilən yüksək dəyər kimi qiymətləndiriblər.

Çıxışlar əsnasında, Bəxtiyar Vahabzadənin şeir sənəti və fikirlərinin bütün Türk dünyasında dərin iz qoyduğu, xalqımızın azadlıq mübarizəsi və Azərbaycan dilinin qorunmasındakı əhəmiyyətli rolu, 60-a yaxın ölkədə 200-ə yaxın kitabı çap edildiyi və dünyada ən çox oxunan ədəbiyyatçılar sırasında olduğu vurğulanıb.

Mərasim çərçivəsində Bəxtiyar Vahabzadənin ədəbi yolunun kitab nümunələrindən qurulmuş sərginin açılışı olub. Həmçinin, mərasimdə görkəmli şairin adını daşıyan orta məktəbin şagirdləri Bəxtiyar Vahabzadənin şeirlərini səsləndiriblər. Xalq artisti Mələkxanıım Əyyubova, eləcə də Azərbaycan və Türkiyədən olan digər incəsənət ustaları şairin sözlərinə yazılmış mahnılar ifa ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR