ABŞ-da prezidentliyə namizəd Ted Kruz Vayominq ştatında partiyadaxili seçkilərdə qalib gəlib

ABŞ-da prezidentliyə namizəd Ted Kruz Vayominq ştatında partiyadaxili seçkilərdə qalib gəlib
# 13 mart 2016 05:43 (UTC +04:00)

Bakı - APA. ABŞ-da respublikaçıların prezidentliyə namizədini müəyyən etmək üçün Vayominq ştatında keçirilən ilkin seçkilərdə Texasdan olan senator Ted Kruz inamlı qələbə qazanıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, şənbə günü keçirilən ilkin seçkilərdə T. Kruz səslərin 66,3 faizini qazanıb.

İkinci yerdə Marko Rubio (19,5 faiz), üçüncü yerdə milyarder Donald Tramp (7,2 faiz) qərarlaşıb. Vayominq ştatında keçirilən ilkin seçkilərdə Con Keysik isə heç bir səs qazanmayıb.

Qeyd edək ki, respublikaçıların prezidentliyə namizədi iyulda partiyanın qurultayında müəyyənləşəcək. Vayominq ştatı qurultayda 29 nümayəndə ilə təmsil olunur. Beləliklə, hazırda T. Kruz ümumilikdə 370 qurultay nümayəndəsinin dəstəyinə malikdir. Respublikaçılar arasında favorit isə 460 qurultay nümayəndəsinin dəstəyinə malik D. Trampdır. M. Rubio 153, C. Keysik isə 54 qurultay nümayəndəsinin dəstəyini təmin edib.

Xatırladaq ki, ABŞ-da prezident seçkiləri bu il noyabrın 8-də keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR