Azərbaycanın Avstraliyadakı səfiri yerli qəzetdə barəsində gedən məqaləyə münasibət bildirib

Azərbaycanın Avstraliyadakı səfiri yerli qəzetdə barəsində gedən məqaləyə münasibət bildirib
# 19 aprel 2016 12:21 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. Azərbaycanın Avstraliyadakı səfiri Rövşən Cəmşidov bu ölkədə nəşr olunan “The Age” qəzetinin onun haqqında yazdığı məqaləyə münasibət bildirib.

Səfirin APA-ya verdiyi açıqlamaya əsasən, beynəlxalq təcrübədə diplomatlar çalışdıqları ölkələrdə bir sıra imtiyazlar, o cümlədən ticarət mərkəzləri və ictimai iaşə müəssisələrindən istifadə xidmətləri üçün vergidən azad olunurlar. Bununla yanaşı, müxtəlif ölkələrdə bu qaydaların tətbiqi fərqlidir: “İndiki halda mən ancaq “Duty free” vergisiz ticarət obyektlərində tətbiq olunan qaydalara toxunmaq istəyirəm. Bəzi ölkələrdə önləyici prosedurlara ehtiyac olmadan diplomatlar dükana birbaşa müraciət edib diplomatik vəsiqəni təqdim edərək, kompüter sistemində səfirliyin və əməkdaşların adlarının qarşısında göstərilən limitli həcmlər çərçivəsində lazım olan malları vergisiz qiymətlərlə əldə edə bilərlər. Digər məlum qaydaların detallarına varmadan Avstraliyada tətbiq olunan prosedura toxunmaq istərdim. Avstraliya Xarici İşlər və Ticarət Departamentinin (nazirliyinin) internet səhifəsində yerləşdirilmiş “Duty free” mağazalarından istifadə qaydalarına əsasən, hər hansı səfirlik və səfirliyin əməkdaşı həmin xidmətdən istifadə etmək üçün saytda yerləşdirilmiş kvotaya əsasən, xüsusi formanı dolduraraq səfirliyin möhürü və rəhbərin imzası ilə təsdiq olunmuş şəkildə Gömrük Departamentinə təqdim etməlidir. Departament tərəfindən möhür və məsul şəxsin imzası ilə təsdiqlənmiş forma-sənəd “Duty free” dükanına təqdim edildikdən sonra dükanın xidmətlərindən istifadə etmək olar. Xüsusi şəkildə qeyd etmək istərdim ki, verilən kvota 6 ayı əhatə edir və bu müddətdən sonra prosedur təkrar olunmalıdır”.

Səfir bildirib ki, məqalədə müəlliflər provokasiya xarakteri daşıyan rəqəmlər vasitəsilə oxucuda səfirlik və əməkdaşların böyük həcmdə spirtli içki və siqaret istifadə etməsi təsəvvürü yaratmaq məqsədi güdüblər: “Əvvəla qeyd edilməlidir ki, Azərbaycan səfirliyi məqalədə məqsədli şəkildə göstərildiyi kimi xaricdən spirtli içkilər gətirmək üçün xüsusi və əlahiddə formada Avstraliyanın heç bir dövlət qurumuna heç bir zaman müraciət etməyib. Əsas məsələ kvotalar çərçivəsində “Duty free” sisteminə göndərilmiş formadakı həcmlərlə faktiki olaraq, alınmış malların arasındakı fərq məqalədə qəsdən əks edilməyərək oxucunu, ictimai fikri yanlış istiqamətə yönəltmək, səfirliyə qara yaxmaq, şər atmaq məqsədi daşıyır”.

Diplomat 22 dekabr 2014-cü ildən 22 iyun 2015-ci ilədək olan dövrdə alınmış malların “Duty free” mağazasının rəsmi sənədləri əsasında tərtib olunan siyahısını da açıqlayıb: “Spirtli içkilər - kvota 350 litr, faktiki istifadə - 208.5 (o cümlədən ölkəmizdən gətirilmiş 68.3 litr həcmində Azərbaycan konyakları), istifadə edilməmiş qalıq - 141.85 litr, pivə - kvota 1200 litr, faktiki istifadə -36 litr, istifadə edilməmiş qalıq 1164 litr, şampan və şərablar - kvota 400 litr, faktiki istifadə 5 litr, istifadə edilməmiş qalıq 395 litr, kosmetik məhsullar-- kvota 120 ədəd, faktiki istifadə 52 ədəd, istifadə edilməmiş qalıq 68 ədəd, siqaret - kvota 27000 ədəd (135 blok), faktiki istifadə 13600 ədəd (68 blok), istifadə edilməmiş qalıq 13400 ədəd (67 blok). Nəzərə alınmalıdır ki, qeyd olunan mallar 6 ay ərzində istifadə edilib. Bütün təsdiqedici sənədlər səfirlikdə mövcuddur və surətləri məlumat üçün Azərbaycan XİN-nə göndərilib”.

Rövşən Cəmşidov qeyd edib ki, qəzetin baş redaktoruna müvafiq məktub göndərilərək, çap olunması və səfirlikdən üzr istəməsi tələb olunub: “Azərbaycanın Avstraliyadakı Səfirliyinə qarşı yönəlmiş iftira, təxribat və qərəzli hücumların səbəbini prezidentin XİN qarşısında qoyduğu vəzifələrin Avstraliyada da uğurla həyata keçirilməsinin bu ölkədəki erməni icması və məlum səbəblərə görə onlara himayədarlıq edən, əsasən Yeni Cənubi Uels və Federal parlamentlərdəki bəzi siyasətçilərdə doğurduğu qəzəb və narahatlıq, eləcə də düşmən dəyirmanına su tökən bəzi bədxahlarımızın səylərində axtarmaq lazımdır. Avstraliya ilə mövcud və uğurlu şəkildə inkişaf edən əlaqələrimizin nəticələri göz qabağındadır. Uzaq məsafədə yerləşməyimizə və düşmənlərimizin səylərinə baxmayaraq, burada Azərbaycanı indi daha yaxşı tanıyırlar. Avstraliya Federal parlamentində yaradılmış işçi dostluq qrupu ilə Milli Məclisin Avstraliya üzrə işçi qrupu arasında effektiv sıx əməkdaşlıq münasibətləri qurulub. Ölkələrimiz arasında iqtisadi-ticarət sahəsindəki əlaqələrdə də müsbət dinamikanın şahidiyik. Avstraliya Federal hökumətinin Ermənistan-Azərbaycan münaqişəsi üzrə rəsmi mövqeyi təqdirəlayiqdir. Xarici işlər naziri xanım J. Bişop 30 noyabr 2015 il tarixdə Federal parlamentin iclasındakı çıxışında bir daha Avstraliyanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirib, Ermənistanı birmənalı şəkildə işğala son qoymağa çağırıb. Təəssüf ki, bəzi mətbuat orqanlarımız haqqımızda söylənən şayiə və böhtanların işıqlandırılmasına Avstraliya kimi nüfuzlu bir dövlətin xarici işlər nazirinin bu cür yüksək mövqeyinə göstərildiyindən müqayisə olunmaz şəkildə daha çox maraq göstərib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR