Tural Abbaslı: “Arif Hacılının qrupu artıq Tofiq Yaqublunun əleyhinə kampaniyaya başlayıb”

Tural Abbaslı: “Arif Hacılının qrupu artıq Tofiq Yaqublunun əleyhinə kampaniyaya başlayıb”
# 08 aprel 2016 12:59 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. “Tofiq Yaqublunun barışıq cəhdləri partiyada mövqeyinin zəifləməsinə gətirib çıxaracaq”.

Bunu APA-ya açıqlamasında Müsavat Partiyası başqanlığına sabiq namizəd, “Ağ blok”un həmtəsisçisi Tural Abbaslı deyib.

T. Abbaslı Müsavat başqanının müavini Tofiq Yaqublunun AXCP və qurultaydan sonrakı narazı tərəflərlə barışıq barədə fikirlərinə münasibət bildirərək, bunun həyata keçəcəyinə inanmadığını söyləyib. O qeyd edib ki, hələ İsa Qəmbər Müsavat başqanı olan dövrdə T. Yaqublunun AXCP ilə münasibətlərin qaydaya salınması istiqamətindəki səyləri birmənalı qarşılanmayıb: “Tofiq Yaqublu həbsindən əvvəl də Müsavat Partiyası və AXCP arasında münasibətlərin yaxşılaşdırılması istiqamətində ardıcıl çalışan insanlardan biri olub. O vaxt Müsavatda demokratik mühit hökm sürürdü, insanlar indikindən fərqli olaraq fikirlərini sərbəst şəkildə ifadə edirdilər. Lakin elə onda da Tofiq Yaqublunun AXCP ilə müttəfiqlik barədə fikirləri birmənalı qarşılanmırdı. Nəzərə alsaq ki, indiki rəhbərlik ümumiyyətlə, diskussiya anlayışından uzaqdır, fikir müxtəlifliyinə normal yanaşmır, belə olan halda, Tofiq Yaqublu özünü blok vəziyyətinə salacaq. Yəni, onu bu vəziyyətə salacaqlar. Tofiq Yaqublu müsavatsevərlərin gözündə nə qədər yüksəlsə də, hazırkı rəhbərliyin yanında mövqeyini itirəcək”.

T. Abbaslı qeyd edib ki, artıq rayon təşkilatlarında T. Yaqublunun barışdırıcı mövqeyinə qarşı anti-təbliğata start verilib: “Məndə olan məlumatlara görə, artıq Arif Hacılının qrupu Tofiq Yaqublu haqqında rayon təşkilatlarında heç də xoş olmayan təbliğata başlayıb. Tofiq Yaqublunun istər AXCP, istər Qubad İbadoğlu, istərsə də bizimlə bağlı barışdırıcı mövqeyindən onun əleyhinə istifadə edirlər. Bununla yanaşı, Tofiq Yaqublu tərəflərlə görüşsə belə, bu məsələləri həll edəcək siyasi statusda deyil. Müsavatda demokratik mühit olmadığı üçün ancaq Arif Hacılının mövqeyi önəmlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR