Azərbaycanda 40 faizdən çox uşaq nevroloji xəstəlikdən əziyyət çəkir

Azərbaycanda 40 faizdən çox uşaq nevroloji xəstəlikdən əziyyət çəkir
# 14 mart 2016 09:29 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. “Azərbaycanda Uşaq Bərpa Müalicə Mərkəzinə (UBMM) müraciət edən xəstələrin 40 faizdən çoxunu nevroloji uşaqlar təşkil edir”. APA-nın xəbərinə görə, bunu UBMM-nin baş həkimi Cəmilə Talıbova “Azərbaycanda psixonevroloji, sinir xəstəliklərindən əziyyət çəkən uşaqlara dövlət dəstəyinə” həsr olunmuş dəyirmi masada deyib.

Onun sözlərinə görə, nevroloji uşaqlar əsasən uşaq serebral iflici, bazu kələfinin doğuş travması və müxtəlif səbəblərdən inkişaf çətinlikləri olan uşaqlardır: “Mərkəzə müraciət edən uşaqlarda sinir sistemi xəstəlikləri ilə yanaşı, digər homatik xəstəliklər də müşahidə edilir. Mərkəzdə yanaşı gedən xəstəliklərin müalicəsi üçün lazımi şərait yaradılıb. Mərkəzin mütəxəssisləri yanaşı gedən xəstəliklərin müalicə olunmasında fəal iştirak edirlər. Sinir sistemi xəstəlikləri olan uşaqlarda eşitmə pozulmaları və nitq qüsurları müşahidə olunur. Bu problemlər isə, loqoped və surdoloqped vasitəsilə həll edilir”.

Baş həkim əlavə edib ki, Mərkəzə xəstələr sahə uşaq poliklinikalarından göndərilir. O, bildirib ki, müraciət edən uşaqların hər biri üçün fərdi müalicə planı tərtib edilir və xəstələr il ərzində 3-5 dəfə müalicə kursu keçirlər: “Mərkəzdə sağlamlıq imkanları məhdud olan xəstələr üçün müalicə bədən tərbiyəsi zalları, masaj, su terapiyası, istilik terapiyası, parafin, Naftalan otaqları və digərləri fəaliyyət göstərir”.

Qeyd edək ki, UBMM 1988-ci ildən fəaliyyət göstərir. Mərkəzin uşaqların tam və ətraflı müayinəsini, çoxprofilli bərpa-müalicəsini həyata keçirir. Xəstə uşaqların fiziki və psixoloji reabilitasiyası üçün səylər göstərir. Erkən uşaqlıq dövrünə xas olan əlilliyin erkən profilaktikasını və müdaxiləsini təşkil edir. Bununla da, əlilliyin qarşısının erkən alınması üçün tədbirlər görür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR