Yaşayış sahəsi olan keçmiş ailə üzvü kompensasiya almadan mənzildən istifadə hüququnu itirəcək

Yaşayış sahəsi olan keçmiş ailə üzvü kompensasiya almadan mənzildən istifadə hüququnu itirəcək
# 20 aprel 2016 12:49 (UTC +04:00)

Bakı-APA. Yaşayış sahəsinə ehtiyacı olmayan keçmiş ailə üzvünün mənzildən istifadə hüququna kompensasiya ödənilmədən xitam veriləcək.

APA-nın məlumatına görə, bu, bu gün Konstitusiya Məhkəməsi Plenumunun Fərhad Abdullayevin sədrliyi ilə keçirilən növbəti açıq məhkəmə iclasında qəbul edilən qərarda əksini tapıb.

İclasda Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinin Konstitusiyanın 29-cu maddəsi baxımından şərh edilməsinə dair Şirvan Apellyasiya Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb. Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim R.İsmayılovun məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssisin çıxışlarını, ekspertin rəyini dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarda qeyd edilir ki, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən, əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR