İş adamını öldürməkdə təqsirləndirilən şəxslərin məhkəməsi davam etdirilib

İş adamını öldürməkdə təqsirləndirilən şəxslərin məhkəməsi davam etdirilib
# 02 may 2016 10:07 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində iş adamını qətlə yetirməkdə təqsirləndirilən Nurəddin Xəlilov, Müşfiq Mikayılov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənlər şəxslər hakimlər zala daxil olan zaman ayağa qalxmayıblar. Onlar bu yolla məhkəməyə etirazlarını bildirdiklərini deyiblər: “Siz kimsiniz ki, gələndə ayağa duraq. Hökm yalnız Allahındır".


Keçirilən prosesdə şahid qismində Sumqayıt şəhər Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşı Cabir Niftəliyev ifadə verib. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edib.

Daha sonra hal şahidi qismində Azər Qurbanov, Rabil Talıbv və Elşən Hümbətov ifadə veriblər.

Məhkəmə prosesi mayın 6 - da davam edəcək.

Qeyd edək ki, ittihama əsasən, 2014-cü il noyabrın 24-də Qəbələ şəhər sakini olan iş adamı Vahid Vahabovun yaşadığı evdə meyiti tapılıb. Müəyyən edilib ki, Vahid Vahabovun qonşusu Coşqun Kərimbəyli onun imkanlı şəxs olduğu barədə yaxın dostları, radikal ekstremist yönümlü dini təriqət üzvləri olan əvvəllər məhkum edilən Nurəddin Xəlilov, Müşfıq Mikayılov, Rəşad Həşimli və Əhməd Kərimova məlumat verib. Onlar külli miqdarda pul və qızıl- zinət əşyalarını ələ keçirmək məqsədilə Vahid Vahabovun evinə basqın ediblər, odlu silahla onu öldürüblər, həyat yoldaşına müxtəlif dərəcəli xəsarətlər yetiriblər. İstintaq hərəkətləri nəticəsində dəstə üzvlərinin daha bir neçə şəxsin evinə quldurluq yolu ilə basqın etdikləri də məlum olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR