“Azərtac” “Formula-1”in rəsmi media tərəfdaşı olub

“Azərtac” “Formula-1”in rəsmi media tərəfdaşı olub
# 24 may 2016 13:11 (UTC +04:00)

Bakı – APA. Azərbaycan Dövlət İnformasiya Agentliyi (Azərtac) ilə “Formula-1” Avropa Qran-pri yarışının təşkilatçısı “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) arasında rəsmi tərəfdaşlıq haqqında saziş imzalanıb.

APA-nın məlumatına görə, sazişi Azərbaycanın gənclər və idman naziri, BŞH-sədri Azad Rəhimovla Azərbaycan Dövlət İnformasiya Agentliyinin baş direktoru Aslan Aslanov imzalayıblar.

İmzalanma mərasimində qeyd olunub ki, agentliyin bu mötəbər yarışla bağlı xəbərləri 7 dildə təqdim olunur, fotoları bütün dünyada yayılır. Agentliyin saytında bu gündən etibarən “Formula-1” bölməsi yaradılacaq, Qran-pri barədə bütün xəbərlər, foto və videomateriallar burada yerləşdiriləcək.

A. Rəhimov media tərəfdaşlığına dair fikirlərini bölüşüb: “Biz bu il Bakıda sadəcə möhtəşəm yarış keçirməyəcəyik, həmçinin bu yarış vasitəsilə paytaxtımızı və ümumilikdə milli mədəniyyətimizi dünya ictimaiyyətinə təbliğ edəcəyik. İnanırıq ki, həm Avropa Qran-prisinin işıqlandırılmasında, həm də Azərbaycanın bütün dünyada daha geniş səviyyədə tanıdılmasında bu əməkdaşlığın əvəzsiz rolu olacaq”.

A. Aslanov isə bu günü rəhbərlik etdiyi qurumun həyatında əlamətdar hadisə kimi qiymətləndirib. O qeyd edib ki, agentliyin kollektivi Azərbaycanda keçiriləcək mötəbər idman yarışını geniş təbliğ etməsi üçün “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti ilə rəsmi media tərəfdaşlığına dair sazişin imzalanmasından məmnunluq duyur.

Qeyd edək ki, imzalanma mərasimində Bolqarıstanın BTA agentliyinin baş direktoru Maksim Minçev və Rusiyanın TASS agentliyi baş direktorunun birinci müavini Mixail Qusman iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR