Türkiyə səfiri: “Almaniya üzərindəki soyqırım yükünü başqaları ilə paylaşmağa çalışır”

Türkiyə səfiri: “Almaniya üzərindəki soyqırım yükünü başqaları ilə paylaşmağa çalışır”
# 03 iyun 2016 08:11 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. “Almaniya Bundestaqı tərəfindən qəbul edilmiş qərar həqiqətən həm cahil və uğursuz, həm də hüquq əleyhinə olan qərardır. Çünki Avropa İnsan Haqları Məhkəməsinin bununla bağlı verdiyi qərar var. Qərarda deyilir ki, 1915-ci il hadisələri barədə iddialar müzakirəyə açıqdır. Yəni bizim hər zaman dediyimiz məsələni deyiblər”.

Bu sözləri APA-ya açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun bildirib.

Səfir vurğulayıb ki, əgər Almaniya həqiqətən beynəlxalq sülh naminə Türkiyə və Ermənistanın yaxınlaşması üçün “yaxşılıq etmək” istəyirdisə, onda ermənilərin onlara diktə etdiyi doqmatik fikirləri qəbul etməməliydi: “Türkiyəni və türk tarixini təktərəfli qaralamaq yerinə, Almaniya deməliydi ki, ey Ermənistan, ey Türkiyə, bir araya gəlin, oturun, tarixçilər danışsın, bu həqiqətləri müzakirə edin və doğru yolu tapın. Lakin Türkiyə əleyhinə bu qərarın verilməsi həqiqətən Almaniya və Bundestaq adına uğursuz bir addımdır. Həqiqətən qınanılacaq hadisədir. Hadisənin bundan sonra bizim Almaniyaya qarşı hissiyyatımıza təsir etməməsi mümkün deyil. Üstəlik, 3 milyondan çox türk əsilli alman vətəndaşı və orda yaşayan insanlar var ki, onlar da təhqir ediliblər. Bunların heç biri təsadüf deyil. Bu dediklərimi Almaniya bilir və bilərəkdən edir. Məqsədi isə Almaniyadakı türk əsilli insanlarda mənfi rəy formalaşdırılmasıdır. Bəllidir ki, bu qərar Türkiyəni, türk xarakterini, tariximizə olan bağlılığımızı nəzərə almadan qəbul edilib. Çünki bu, tam tərs nəticəyə gətirib çıxaracaq. Bizim insanların belə uğursuz qərar qarşısında məyusluq hissi keçirməsi barədə söhbət belə gedə bilməz. Əksinə, biz həqiqətləri daha möhkəm hayqırarıq”.

Türkiyənin Almaniya ilə NATO və Avropadakı bir çox qurumlar çərçivəsində əlaqələri olduğunu xatırladan səfir son dövrlər iki ölkənin bir çox məsələlərlə bağlı birlikdə çalışdıqlarını da diqqətə çatdırıb: “Məhz belə bir dövrdə bu qərarın qəbul edilməsi onu göstərir ki, bunun arxasında bir çox manipulyasiyalar mövcuddur. Lakin bu da bir gerçəkdir ki, Almaniya illərdir bunun hazırlığı içində idi. Almaniya üzərindəki soyqırım yükünü başqaları ilə paylaşmağa, Türkiyənin üstünə yıxmağa çalışır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR