Şirvanda keçirilən diaqnostik qiymətləndirmənin nəticələri açıqlanıb

Şirvanda keçirilən diaqnostik qiymətləndirmənin nəticələri açıqlanıb
# 14 dekabr 2015 07:10 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Dekabrın 9-13-də Şirvan şəhərinin, Hacıqabul, İmişli, Saatlı və Sabirabad rayonlarının ümumi təhsil müəssisələrində çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsi keçirilib.

Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Şirvan Olimpiya İdman Kompleksində keçirilmiş diaqnostik qiymətləndirmədə 19 ümumi təhsil fənni üzrə 6500-dən çox müəllim, imtahana dəvət olunmuş müəllimlərin 98,4 faizi iştirak edib.

Bildirilib ki, imtahanlar bitdikdən dərhal sonra diaqnostik qiymətləndirilmənin nəticələri açıqlanıb: “Müəllimlər Təhsil Nazirliyinin müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi ilə əlaqədar yaradılmış rəsmi saytından (www.dq.edu.az) şəxsi səhifələrinə daxil olaraq, nəticələri ilə tanış ola bilərlər”.

Qeyd olunub ki, qiymətləndirmə zamanı iştirakçılara ixtisas üzrə ümumi təhsil proqramına uyğun 40, metodika və təlim strategiyaları üzrə 20 test tapşırığı verilib: “Müvafiq qaydalara görə, hər bir düzgün cavab 1 balla qiymətləndirilir. Test tapşırıqlarının hər bir bölmə üzrə minimum 10 faizinə düzgün cavab vermiş müəllimlər bilik və bacarıqları diaqnostik qiymətləndirilmiş hesab olunurlar”.

Qeyd edək ki, dekabrın 16-20-də Sumqayıt şəhərinin, Abşeron və Qubadlı rayonlarının ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçiriləcək: “Sumqayıt Olimpiya İdman Kompleksində keçiriləcək imtahanlarda 9000-ə yaxın müəllimin iştirakı gözlənilir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR