Təbrizdə “Azərbaycan İslam mədəniyyətinin incisidir” mövzusunda fotosərgi açılıb

Təbrizdə “Azərbaycan İslam mədəniyyətinin incisidir” mövzusunda fotosərgi açılıb
# 24 may 2016 07:48 (UTC +04:00)

Bakı – APA. Mayın 23-də İran İslam Respublikasının Təbriz şəhərində “Azərbaycan İslam mədəniyyətinin incisidir” mövzusunda fotosərginin açılışı olub.

Açılış mərasimində Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Təbriz şəhər bələdiyyəsinin sədri Sadiq Nəcəfi, İranın Şərqi Azərbaycan valisinin müavini Səid Şəbüstəri, ziyalılar, şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Təbriz bələdiyyəsinin muzeyində keçirilən fotosərgidə Azərbaycanın Bakı, Naxçıvan, Gəncə, Astara və başqa şəhərlərindəki məscidlərin böyük formatlı fotoları nümayiş etdirilir. Sərgidə Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsindəki məscidlər haqqında materiallar da yer alıb.


Açılışda iştirak edən Təbriz şəhərinin sakinlərinə məscidlər haqqında ətraflı məlumat verilib. Qeyd olunub ki, ermənilər Azərbaycanın Dağlıq Qarabağ bölgəsini yalnız hərbi işğala deyil, həm də mənəvi işğala məruz qoyublar. Qədim Şuşa və Ağdam şəhərlərindəki məscidlər ermənilər tərəfindən dağıdılıb və təhqir edilib. Bu, ermənilərin İslam mənəviyyatına təcavüzü deməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR