Azərbaycan, Rusiya və İran "Şimal-Cənub" dəhlizinin genişləndirilməsi ilə bağlı protokol imzalayıb

Azərbaycan, Rusiya və İran "Şimal-Cənub" dəhlizinin genişləndirilməsi ilə bağlı protokol imzalayıb
# 02 iyun 2016 12:48 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Rusiyanın Soçi şəhərində XI Beynəlxalq dəmir yolu biznes forumu keçirilir.

"Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat katibliyinin rəisi Nadir Əzməmmədovun "APA-Economics"ə verdiyi xəbərə görə, forumda Azərbaycanı "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edir.

Forum çərçivəsində C. Qurbanov, “Rusiya Dəmir Yolları” ASC-nin prezidenti Oleq Belozyorov və İranın Dəmir Yolunun baş direktoru Mohsen Purseyid Ağayi birgə görüş keçiriblər.

Görüşdə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişaf perspektivləri, dəhlizə yüklərin cəlb olunması kimi məsələlər diqqət mərkəzində olub. Danışıqlar zamanı C. Qurbanovun təklifi ilə nəqliyyat dəhlizinin inkişafının sürətləndirilməsi üçün, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunda olduğu kimi, Şimal-Cənub marşrutunda da Koordinasiya Komitəsinin yaradılmasına dair qərar qəbul olunub. Görüşün sonunda tərəflər arasında protokol imzalanıb.

Görüşdə Finlandiya Dövlət Dəmir Yolu konserninin rəhbəri Mikael Aro da iştirak edib. Aparılan danışıqlarda Finlandiyanın da “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinə cəlb olunması məsələsi müzakirə edilib. Finlandiya təmsilçisi ölkəsinin bu nəqliyyat dəhlizinə maraq göstərdiyini bildirib.

Qeyd edək ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi Hindistan, İran körfəzi ölkələri, İran və Azərbaycandan keçməklə daha sonra Rusiya, Baltik dənizi hövzəsi ölkələri və Skandinaviya ölkələrinə qədər uzanır. Finlandiyanın dəhlizə qoşulması nəqliyyat dəhlizinin potensialını daha da gücləndirəcək.

Xatırladaq ki, layihəyə 2000-ci il sentyabrın 12-də Sankt-Peterburq şəhərində Rusiya, İran və Hindistan arasında imzalanan razılaşma ilə start verildi. 2005-ci il sentyabrın 20-də layihəyə Azərbaycan da qoşulub. 2016-cı il aprelin 20-də isə Azərbaycanla İran sərhədində, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində, dəmir yolu körpüsünün tikintisinə start verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR