Cəsarət Valehov: “Müəllim və şagird arasında problemin yaranmaması həm də məktəbi idarə edənlərdən asılıdır”

Cəsarət Valehov: “Müəllim və şagird arasında problemin yaranmaması həm də məktəbi idarə edənlərdən asılıdır”
# 28 yanvar 2016 12:27 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev -APA. “Müəllim və şagird arasında problemin yaranmaması həm ailədən, həm şagirdin yanaşmasından, həm də məktəbi idarə edənlərdən asılıdır. Baş verənləri kiminsə üzərinə yıxmaq məsələnin həlli deyil”.

APA-nın xəbərinə görə, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov deyib.

O bildirib ki, təhsil sadəcə, bir qurumun və ya bir şəxsin işi deyil: “Təhsil ailənin, cəmiyyətin işidir. Burada hər hansı bir konfliktli situasiyanı böyütmək, ictimai müzakirə səviyyəsinə gətirmək düzgün deyil. Məktəb mühiti elə olmalıdır ki, bizim uşaqlarımız orada saf mühitdə yetişə bilsinlər. Mən razıyam ki, mobil telefonların olması heç də fayda vermir, öyrənmə mühitini təşkil etmir. Bəli, sinif otaqlarında kompüterlər, planşetlər olmalıdır”.

Şöbə müdiri “Məktəblərdə şagirdlərin mobil telefonlardan istifadəsinə qadağa tətbiq edilə bilərmi?” sualına cavab olaraq deyib ki, mobil telefonlardan istifadənin qadağan edilməsi problemi həll etməyəcək: “İstəyən şəxs mobil telefonu gizli şəkildə də məktəbə gətirə biləcək. Əsas məsələ mühitin necə olmasıdır”.

C. Valehov qeyd edib ki, artıq Abşeron rayonu Xırdalan qəsəbəsində “Müəllim-şagird münasibətləri və sinfin idarə edilməsi” mövzusunda seminar keçirilir: “Təhsil Nazirliyi məlum məsələ ilə əlaqədar seminarların təşkilinə Xırdalan şəhərindən başladı. Bu seminarlar Sumqayıt, Bakı və digər regionlarda da keçiriləcək. Məqsəd sinif daxili idarəetmənin daha pozitiv modellərinin izah olunması, eyni zamanda müəllimlərin tələblərini, fikirlərini öyrənməkdir. Müəllim-şagird münasibətləri, daxili idarəetmənin təşkil olunması bu gün bizim təhsilimizin qarşısında duran tələblərdən biridir. Bu gün müəllim-şagird münasibətlərinin tənzimlənməsi və bunun çox funksional bir şəkildə idarə edilməsi ciddi tələbdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR