İnzibati həbs nəzərdə tutan inzibati xəta törətməmiş narkomanlara məcburi tibbi yardım göstəriləcək

İnzibati həbs nəzərdə tutan inzibati xəta törətməmiş narkomanlara məcburi tibbi yardım göstəriləcək
# 15 aprel 2016 12:07 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Milli Məclisin iclasında “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanun layihəsi müzakirəyə çıxarılıb.


APA-nın xəbərinə görə, qanun layihəsi barədə Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov məlumat verib.

Dəyişiklik razılığı tələb olunmadan vətəndaşa tibbi yardım göstərilməsi ilə bağlıdır. İndiyə qədər qüvvədə olan qanuna əsasən cinayət törətməmiş, lakin öz davranış və hərəkətləri nəticəsində dəfələrlə yaxın qohumlarına maddi və mənəvi zərər yetirmiş, uşaqların tərbiyəsinə mənfi təsir göstərmiş, onların hüquqlarını kobudcasına pozmuş, təklif olunmuş könüllü müalicədən dəfələrlə imtina etmiş narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məcburi tibbi tədbirlər tətbiq edilib.

Dəyişikliyə cinayət törətməmiş şəxslərlə bərabər, inzibati həbs nəzərdə tutan inzibati xəta törətməmiş, lakin öz davranış və hərəkətləri nəticəsində dəfələrlə yaxın qohumlarına maddi və mənəvi zərər yetirmiş, uşaqların tərbiyəsinə mənfi təsir göstərmiş, onların hüquqlarını kobudcasına pozmuş, təklif olunmuş könüllü müalicədən dəfələrlə imtina etmiş narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində Mülki Prosessual Məcəlləyə uyğun olaraq məcburi tibbi tədbirlər tətbiq edilməsini nəzərdə tutur.

Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bəzən kiminsə mülkiyyətə sahib çıxmaq üçün başqasını narkoman kimi təqdim etdiyini bildirib: “Bəzən də bir qonşu digər qonşusunun dəli olması barədə müraciət edir, bir-iki qonşuya da qol çəkdirir. Təbii ki, bu məsələləri məhkəmə araşdırılır. Ancaq elə mexanizm yaradılmalıdır ki, belə hallara yol verilməsin”.

Qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR