Bakıda Tomas Qoltsun "Azərbaycan gündəliyi" kitabının təqdimatı olub

Bakıda Tomas Qoltsun "Azərbaycan gündəliyi" kitabının təqdimatı olub
# 24 may 2016 14:50 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. ADA Universitetində amerikalı ekspert Tomas Qoltsun Azərbaycan dilinə tərcümə edilmiş "Azərbaycan gündəliyi" kitabının təqdimat mərasimi keçirilib.

APA-nın məlumatına görə, mərasimdə çıxış edən ADA universitetinin rektoru Hafiz Paşayev T. Qoltsun çətin günlərdə Azərbaycanı dəstəkləyən az adamlardan olduğunu bildirib.

Onun sözlərinə görə, o zaman ABŞ-da Azərbaycanı dəstəkləyən konqresmenlər az idi: "Onlar növbəti seçkilərdə erməni diasporunun sayəsində bir daha seçilmirdilər. İndi isə Azərbaycanla adını bağlamaq istəyənlər çoxdur. Tomas Qoltsda pionerlik ruhu yüksəkdir. Azərbaycanın ən vacib məqamlarında Tomas Qoltsun böyük rolu olub. Onun Azərbaycanla bağlı işləri hər zaman bizin üçün əhəmiyyətli olub".

Sonra ABŞ-ın Azərbaycandakı səfirinin müavini Derek Hoqan kitabın səfirlik və ADA universitetinin birgə fəaliyyəti nəticəsində tərcümə olunduğunu qeyd edib. O bildirib ki, kitabın tərcümə olunması iki ölkə arasında əməkdaşlığın necə inkişaf etdiyini göstərir: "Kitabın böyük bir hissəsi Dağlıq Qarabağ münaqişəsinə aiddir. Bu münaqişə isə hələ öz həllini tapmayıb. ABŞ münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədri kimi öhdəliklərini yerinə yetirməkdə davam edir. Hesab edirəm ki, bu, münaqişənin həllinə gətirib çıxaracaq".


T. Qolts isə bunları deyib. “Azərbaycan artıq müstəqil ölkədir. Halbuki 1993-cü ildə Azərbaycanın belə bir ölkə olacağı barədə düşünmək çox çətin idi. Suallar yaranırdı ki, bu ölkə qalacaq ya yox. 1991-ci ildə Azərbaycanda nələr baş verirdi anlamırdım. Hadisələr sürətlə inkişaf edirdi".

T. Qolts Heydər Əliyev Naxçıvanda olarkən onunla görüşdüyünü bildirib, xatirələrini bölüşüb. O, kitabın həqiqətləri əks etdirdiyini deyib: "Gələcək nəsil və məktəblər üçün yaxşı mənbə ola bilər. Belə yazılan kitablar azdır. Bu mənim deyil, bizim kitabımızdır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR