Rusiyalı ekspert: "Rusdilli ailələr Dağlıq Qarabağı tərk edir”

Rusiyalı ekspert: "Rusdilli ailələr Dağlıq Qarabağı tərk edir”
# 14 dekabr 2015 13:51 (UTC +04:00)

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu “MDB və Baltikyanı ölkələrdə rusdilli vətəndaşların vəziyyətinin öyrənilməsi” mövzusunda Rusiyanın “İnterfaks” agentliyində keçirilən mətbuat konfransında Avrasiya Strateji Tədqiqatlar İnstitutunun eksperti Tatyana Borzova deyib.

Onun sözlərinə görə, Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsindən rusdilli əhali kütləvi şəkildə köçüb. T. Borzova qeyd edib ki, institutun Dağlıq Qarabağdakı rusdilli icmanın nümayəndələri arasında telefonla apardığı sorğunun nəticələri son bir ildə bölgəni minədək rusdilli ailənin tərk etdiyini göstərir.

Avrasiya Strateji Tədqiqatlar İnstitutunun “NGO Acceptare” qeyri-hökumət təşkilatı ilə birlikdə apardığı tədqiqatın nəticələrinə görə isə digər MDB ölkələri ilə müqayisədə Azərbaycanda rusdilli əhaliyə münasibət daha ürəkaçandır. Azərbaycanda rus dilində orta və ali təhsil almaqla yanaşı, rusdilli əhali bütün dövlət və qeyri-dövlət strukturlarında işlə təmin edilir, rus icmasının nümayəndəsi parlamentdə təmsil olunur.

T. Borzova Azərbaycana səfəri zamanı Bakı Slavyan Universitetində olduğunu da bildirib: "Bu ali məktəbin mütəxəssisləri bizi ölkə bölgələrinə səfərlər zamanı müşayiət ediblər. Heç bir yerdə rus dilində ünsiyyət bizim üçün olmayıb. Rusdilli əhaliyə bu cür münasibətə görə Azərbaycana minnətdarıq”.

Tədqiqat çərçivəsində aparılan sorğunun “Fikrinizcə, yaşadığınız ölkədə rusdilli əhalinin hüquqlarının pozulması üçün hansı səbəblər ola bilər” sualına Azərbaycanda dini əqidəni heç kim səbəb kimi göstərməyib. Halbuki dini baxımdan Rusiyaya yaxın Ermənistanda rusdilli əhalinin 3,27 faizi dini əqidəsinə görə hüquqlarının pozulmasından şikayət edib.

Ermənistana səfərinə gəldikdə isə T. Borzova qeyd edib ki, rusdilli mətbuatda yazılanlarla Ermənistandakı vəziyyət arasında böyük fərq var: “Mən Ermənistanda sovet dövründə də olmuşam. Ancaq indiki səfərim məni şoka saldı. Hətta ABŞ-da belə mənə yolu göstərə biləcək rusdilli yerli sakin tapmaq çətin deyildi. Ermənistanda bununla bağlı çox böyük problemlərim oldu. Bu ölkədə rus dilində danışan qonağa olduqca pis münasibət var”.

"NGO Acceptare” qeyri-hökumət təşkilatının prezidenti Viktoriya Pavlenko isə bildrib ki, Azərbaycanda qanunvericiliyə görə, rusdilli əhalinin rus dilində informasiya və təhsil almaq hüququ var: "Azərbaycanda qanunvericiliklə faktiki vəziyyət arasında tam uyğunluq müşahidə olunur. Ermənistanda rus dilində təhsilin səviyyəsinin getdikcə aşağı düşməsi həm də onunla əlaqədardır ki, bu ölkədə rus dilində təhsil alan əhali, demək olar ki, qalmayıb. Bütün bunlar Ermənistanın tamamilə monomilli dövlətə çevrilməsi istiqamətində atılan addımlardır. Rusdilli əhalinin ölkədən köçməsi baxımından Ermənistan MDB respublikaları arasında birinci yeri tutur”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR