DGK Akademiyasında “Heydər Əliyev və gömrük xidmətinin inkişafı” mövzusunda görüş keçirilib

DGK Akademiyasında “Heydər Əliyev və gömrük xidmətinin inkişafı” mövzusunda görüş keçirilib
# 08 dekabr 2015 08:44 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Dekabrın 7-də Dövlət Gömrük Komitəsinin (DGK) Akademiyasında “Heydər Əliyev və gömrük xidmətinin inkişafı” mövzusunda tələbələrlə görüş keçirilib.

DGK-nın mətbuat xidmətindən “APA-Econmics”ə verilən xəbərə görə, Heydər Əliyevin xatirəsinə həsr olunan tədbirdə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev məruzə ilə çıxış edib.

Məruzədə ulu öndərin zəngin həyat və fəaliyyətindən, müasir müstəqil dövlətimizin yaranmasında və möhkəmlənməsində tarixi xidmətlərindən söhbət açılıb. Bildirilib ki, bütün sahələrdə olduğu kimi gömrük xidmətinin də formalaşması və inkişafı Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, 1992-ci il yanvarın 30-da yaradılan Dövlət Gömrük Komitəsinin fəaliyyəti ümummilli liderin hakimiyyətə qayıdışına qədər qənaətbəxş olmamışdı. Məhz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verdiyi tapşırıq və tövsiyələr əsasında gömrük orqanlarının fəaliyyəti üçün vacib olan qanunvericilik, maddi-texniki baza və peşəkar kadrların hazırlanması istiqamətində inqilabi addımlar atılıb. Qısa zamanda gömrük xidməti yenidən qurularaq ən müasir avadanlıqlarla təmin edilib, Gömrük Məcəlləsi hazırlanaraq tətbiq olundu və gömrük sahəsində beynəlxalq əməkdaşlıq əlaqələri qurulub.

Komitə sədri A. Əliyev Heydər Əliyevin Azərbaycanda gömrük orqanlarının yaradılmasının 5 illiyi ilə bağlı keçirilən mərasimdəki tarixi nitqinə də toxunaraq bildirib ki, həmin çıxışında Heydər Əliyev Azərbaycan gömrüyünün gələcək fəaliyyəti və inkişaf istiqamətlərinin konturlarını müəyyənləşdirib. Heydər Əliyevin “Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir” - sözlərini xatırladan DGK sədri vurğulayıb ki, məhz Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi kimi bu gün Azərbaycan Gömrük Xidməti ölkəmizin iqtisadi təhlükəsizliyinin təminatı, fiskal siyasətin həyata keçirilməsi, qaçaqmalçılıq hallarının qarşısının alınması, beynəlxalq ticarətin asanlaşdırılması və sürətləndirilməsində mühüm rol oynayır, dövlətimizin müstəqilliyinin əsas atributlarından birinə çevrilməklə üzərinə düşən missiyanı şərəflə yerinə yetirir.

Heydər Əliyevin uzaqgörən siyasətinin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edən A. Əliyev bu gün də gömrük orqanlarının hərtərəfli dövlət qayğısı ilə əhatə olunduğunu diqqətə çatdırıb.

Komitə sədri Gömrük Akademiyasının tələbələrinin Heydər Əliyevin xatirəsini hər zaman yaşadacaqlarına, onun ideyalarına daim sadiq qalacaqlarına əminliyini ifadə etdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR