MN: Düşmən tərəfi sabah meyitlərin axtarılaraq çıxarılması prosesini növbəti dəfə pozmağa çalışır

MN: Düşmən tərəfi sabah meyitlərin axtarılaraq çıxarılması prosesini növbəti dəfə pozmağa çalışır
# 18 aprel 2016 09:55 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Ermənistan mətbuatının qoşunların təmas xəttində guya Azərbaycan tərəfindən təxribat törədilməsi və cəbhənin şimal istiqamətində 2 erməni hərbçinin yaralanmasına dair yaydığı məlumatlar hərbi əməliyyatların dayandırılması barədə razılığın kobud surətdə pozulmasına hesablanıb.

Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumatda qeyd olunur ki, beynəlxalq vasitəçilərin iştirakı ilə əldə olunmuş razılığa əsəsən, döyüş meydanında qalmış meyitlərin axtarılaraq çıxarılması prosesi aprelin 19-da səhər saatlarında məhz cəbhənin həmin hissəsində həyata keçirilməlidir.

"Bu kimi məlumatları yaymaqla qarşı tərəf razılaşmanın şərtlərini növbəti dəfə pozmağa, adlarını açıqlamadıqları itkilərini gizlətməyə və prosesləri uzatmaq üçün zəmin yaratmağa çalışır.

Düşmən tərəfindən məqsədyönlü şəkildə yayılan bu xəbərin əsası yoxdur. Ötən sutka ərzində Silahlı Qüvvələrimizin bölmələri tərəfindən heç bir əməliyyat fəaliyyəti həyata keçirilməyib. Qoşunlarımız yalnız atəşkəs rejimini pozan düşmən bölmələrinin mövqelərinə cavab zərbələri endirib.

Xəbərdə yer alan erməni hərbçilərinin yaralanması hadisəsinin isə intizamsızlıq və qarşılıqlı münasibətlərin pozulması nəticəsində baş verdiyi məlum olub", - deyə MN-dən bildirilib.

Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.

1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, Polşa, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.

1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.

Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR