Ombudsman Elmira Süleymanova beynəlxalq tədbirdə Azərbaycanda məcburi köçkünlərin vəziyyətindən danışıb

Ombudsman Elmira Süleymanova beynəlxalq tədbirdə Azərbaycanda məcburi köçkünlərin vəziyyətindən danışıb
# 02 iyul 2016 14:56 (UTC +04:00)

Bakı-APA. Vyanada 29 iyun-1 iyul tarixlərində Mərkəzi və Şərqi Avropa üzrə Krans Montana Forumunun 27-ci illik sessiyası həyata keçirilib.

Ombudsman Aparatının mətbuat xidmətidən APA-ya verilən məlumata görə, İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova Forumun 27-ci illik sessiyasında iştirak edib.

Sessiyada müxtəlif ölkələrin dövlət nümayəndələrinin, deputatların, beynəlxalq və regional təşkilatların təmsilçiləri iştirak ediblər. Sessiyada enerji təhlükəsizliyi, Mərkəzi və Cənub-Şərqi Avropaya qaçqın və miqrantların axını, qadın hüquqları və gender bərabərliyinin təmini və digər mövzularda fikir mübadiləsi aparılıb. E. Süleymanova sessiyada qaçqın və miqrantların problemləri, habelə qadın hüquqları və gender bərabərliyinin təmini mövzularında müzakirələr zamanı çıxış edib. Ombudsman Azərbaycanda məcburi köçkünlərin vəziyyəti, sosial təminatı və mövcud problemləri haqqında danışıb. E. Süleymanova ötən illər ərzində ölkəmizdə qaçqın və məcburi köçkünlərin ümumi həyat şəraitinin yaxşılaşdırılması istiqamətində davamlı və əhatəli tədbirlərin həyata keçirildiyini, 2007-ci ildə ölkədə sonuncu məcburi köçkün çadır düşərgəsinin ləğv edildiyini nəzərə çatdırıb. Eyni zamanda bildirib ki, bu kateqoriyadan olan şəxslərin sosial, təhsil, sağlamlıq və iqtisadi dayanıqlılığının gücləndirilməsinə baxmayaraq, məcburi köçkünlərin insan hüquqlarının tam bərpa edilməsi münaqişənin həllini tələb edir. Ombudsman vurğulayıb ki, Azərbaycanın işğal edilmiş 20 faiz əraziləri azad edilməli və məcburi köçkünlərin öz evlərinə və əmlakına ləyaqətlə qayıtmaq hüququ təmin edilməlidir.

E.Süleymanova mövcud beynəlxalq hüququn boşluqlarına da toxunub. O, məcburi köçkünlərə şamil oluna biləcək heç bir məcburi sənədin olmadığı üçün BMT-nin məcburi köçkünlərə dair əsas prinsiplərində (UN Guiding Principles on İDPs) öz əksini tapmış qayda və normalar əsasında öhdəlik daşıyıcı sənədin işlənib hazırlanmasını zəruri sayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR