Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsi prosesi təkmilləşdirilir

Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsi prosesi təkmilləşdirilir
# 19 may 2016 14:01 (UTC +04:00)

Bakı - APA-Economics. Azərbaycan prezidenti İlham Əliyev dövlət əmlakının özəlləşdirilməsi prosesinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında fərman imzalayıb.

"APA-Economics" xəbər verir ki, fərmana əsasən müəyyən edilir ki, dövlət əmlakının özəlləşdirilməsi ölkə başçısının qərarları ilə həyata keçirilir.

Nazirlər Kabineti "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" yeni qanun layihəsini (özəlləşdirilən dövlət əmlakının qiymətinin həmin əmlakın bazar dəyəri əsasında formalaşdırılması meyarı nəzərə alınmaqla) iki ay müddətində hazırlayıb prezidentə təqdim etməlidir.

Əmlak Məsələləri Dövlət Komitəsinin təklifləri əsasında özəlləşdirilməsi nəzərdə tutulan dövlət əmlakının siyahısına dair təkliflərini hər il növbəti büdcə ili üzrə dövlət büdcəsinin layihəsi ilə birlikdə prezidentə təqdim olunmalıdır.

Bundan başqa, cari ildə özəlləşdirilməsi nəzərdə tutulan dövlət əmlakının siyahısına dair təkliflərini bir ay müddətində prezidentə təqdim edilməlidir.

Fərmanda deyilir ki, Əmlak Məsələləri Dövlət Komitəsi bu sənəd qüvvəyə mindiyi gündən "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" qanuna və prezidentin 2000-ci il 10 avqust tarixli 383 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı"na uyğun olaraq dövlət əmlakının özəlləşdirilməsi haqqında qərar qəbul edilməsini dayandırmalıdır.

Bundan başqa, fərman qüvvəyə mindiyi günədək “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanuna əsasən özəlləşdirilməsi barədə, müvafiq olaraq, prezident və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən qərar qəbul edilmiş, lakin barəsində özəlləşdirmə əqdi bağlanmamış dövlət əmlakının özəlləşdirilməsi (özəlləşmə prosesində səhmdar cəmiyyətə çevrilmiş müəssisələrin səhmlərinin satışı da daxil olmaqla) istiqamətində tədbirlərin görülməsini dayandırsın və həmin dövlət əmlakının siyahısını 20 gün müddətində ölkə başçısına təqdim olunmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR