Bakıda Britaniya Film Baharı festivalı keçiriləcək

Bakıda Britaniya Film Baharı festivalı keçiriləcək
# 08 aprel 2016 14:26 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Nizami Kino Mərkəzində Britaniya Film Baharı festivalı keçiriləcək.

“British Council”dan APA-ya verilən məlumata görə, festival Böyük Britaniyanın Azərbaycandakı səfirliyi və "Nizami" Kino Mərkəzinin təşəbbüsü ilə aprelin 25-dən 30-dək baş tutacaq.

Festival çərçivəsində müasir Britaniya kinematoqrafiyasının uğur qazanmış ən yaxşı yeni filmləri nümayiş olunacaq.

Tədbir Kolm Toybinin eyniadlı romanına əsaslanaraq çəkilmiş, ssenari müəllifi Nik Hornbi, rejissoru Con Krauli olan Oskar-nominasiyalı "Bruklin" tarixi dramının premyerası ilə açılacaq.

Festival çərçivəsində həmçinin baş rolunu Meqqi Smitin ifa etdiyi "Furqondakı ledi", Endrü Heyin Berlin Kino Festivalının qalibi olmuş "45 il" filmi, baş rollarında Kolin Farrel və Reyçel Vaysın çəkildiyi Yorqos Lantimosun "Lobster" filmi daxil olmaqla, 6 film izləyicilərə təqdim olunacaq.

Festival müddətində British Council tərəfindən təşkil olunan online müsabiqələrin iştirakçılarına bir çox bilet və hədiyyələr təqdim olunacaq.

Azərbaycanda ikinci Britaniya Film Baharının təşkil olunması münasibətilə British Council Azərbaycanın direktoru Elizabet Uayt bildirib ki, məqsəd Britaniya film və kinematoqrafçılarını azərbaycanlı tamaşaçılarla bir araya gətirmək, eyni zamanda innovasiyalar, müxtəliflik və mükəmməlliyi nümayiş etdirmək və mədəni mübadilələr üçün imkanlar axtarmaqdır.

Ekran əsərləri rus dilində alt yazılarla ingilis dilində nümayiş ediləcək.

Biletlərin qiyməti 2 manatdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR