Kərəm Həsənov Siyəzəndə vətəndaşları qəbul edib

Kərəm Həsənov Siyəzəndə vətəndaşları qəbul edib
# 24 iyun 2016 13:11 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Siyəzəndə Sumqayıt şəhəri, Siyəzən, Abşeron və Xızı rayonlarından olan vətəndaşları qəbul edib.

Komitədən “APA-Economics”ə verilən məlumata görə, əksəriyyəti daşınmaz əmlakın qeydiyyatı sahəsinə aid olan müraciətlər fərdi həyət evi, mənzillər, sovet dövründə kolxoz və ya sovxozlar tərəfindən verilmiş həyətyanı torpaq sahələrinə çıxarış, texniki pasport və digər sənədlərin alınması ilə bağlı olub. Vətəndaşların bir qismi pay torpaqlarının, kənd təsərrüfatı təyinatlı torpaqların dövlət reyestrində qeydiyyatı, belə torpaqlarda sərhədlərin dəqiqləşdirilməsi üçün müraciətlərini bildiriblər. Həmçinin, vətəndaşlar işlə təmin olunma və digər məsələlərlə bağlı köməklik göstərilməsi barədə xahişlərini də çatdırıblar.

Qəbulda səsləndirilən bir sıra müraciətlər komitə sədri tərəfindən verilən göstərişlər nəticəsində dərhal həllini tapıb. Müraciətlər və suallarla bağlı vətəndaşlara mövcud qanunvericiliyin tələbləri və zəruri prosedurlar izah olunub. Araşdırılması vacib olan müraciətlər isə qeydiyyata alınıb.

Komitə sədri qəbulda diqqətə çatdırıb ki, vətəndaşların sorğularını və təkliflərini nəzərə alaraq geniş hüquqi məsləhət xidmətləri göstərilir. İstənilən vətəndaş hər hansı hüquqi əməliyyat aparmazdan əvvəl Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarəsində təmənnasız olaraq hüquqi yardımdan faydalana bilər.

Qəbul zamanı komitə sədri torpaq idarəçiliyi və mühafizəsi məsələlərinə toxunub. Bildirilib ki, torpaqların hüquqi rejiminə və kateqoriyasına uyğun istifadəsi son nəticədə həm vətəndaşların, həm də dövlətin mülkiyyət mənafelərinə xidmət edir. Məqsədli istifadəyə riayət olunması torpaqların iqtisadi dövriyyəsini və səmərəsini artırır, torpaq münbitliyinin korlanması və meydana çıxa biləcək hüquqi mübahisələrin qarşısını alır.

Qəbul günü birbaşa müraciət edən vətəndaşlar da komitə sədri tərəfindən qəbul edilib və müraciətlərinə baxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR