AMEA-da “Azərbaycan ordusunun zəfəri: inam və dəstək” mövzusunda tədbir keçirilib

AMEA-da “Azərbaycan ordusunun zəfəri: inam və dəstək” mövzusunda tədbir keçirilib
# 06 aprel 2016 14:00 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Bu gün Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) “Azərbaycan ordusunun zəfəri: inam və dəstək” mövzusunda tədbir keçirilib. APA-nın xəbərinə görə, tədbirdə Azərbaycan-Ermənistan təmas xəttində şəhid olan Azərbaycan hərbçilərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açıb. O bildirib ki, Azərbaycan hazırda müstəqillik dövrünün ən şərəfli və məsuliyyətli dövrünü yaşayır: “Aprel ayının əvvəllərində Ermənistan silahlı bölmələrinin törətdiyi təxribat nəticəsində Azərbaycan Silahlı Qüvvələri düşmənin mövqelərinə sarsıdıcı zərbələr endirib, strateji yüksəklikləri azad edib. Bu düşmənə ən böyük cavabdır. Qazandığımız bu zəfər Ermənistan üzərində çox yaxın vaxtda böyük qələbə çalınacağına, Dağlıq Qarabağın işğaldan azad olunacağına təminatdır. Azərbaycan prezidenti İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasında dediyi kimi, biz zəfər qazanmışıq. Bu mühüm qələbə itkisiz qazanılmayıb. Azərbaycan ordusu itkilər verib, şəhidlərimiz var”.

Akademik qeyd edib ki, ordu quruculuğu ilə yanaşı, hərbi vətənpərvərlik, ideoloji iş də yüksək səviyyədə aparılıb: “Aprelin əvvəllərində qazandığımız qələbə Ermənistan ordusunu geri çəkilməyə məcbur etdi”.

İ. Həbibbəyli əlavə edib ki, AMEA Azərbaycan dövlətinin apardığı daxili və xarici siyasəti dəstəkləyir.

Akademik, millət vəkili Əhliman Əmiraslanov deyib ki, Azərbaycan ordusunun əldə etdiyi zəfər ölkənin ərazi bütövlüyünün bərpası istiqamətində atılmış ciddi addımdır: “Hətta Ermənistanla bir blokda ölkələr də Azərbaycanın uğurunu dəstəkləyir. Ermənilərin müttəfiqləri belə əvvəlki kimi onların müdafiəsinə qalxmadı. BMT-nin baş katibinin müraciəti isə məni kədərləndirdi. Onun müraciəti çox neytral idi. Yaxşı olardı ki, BMT-nin yerinə yetirilməyən qətnamələri haqda danışılardı”.

Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, millət vəkili Yaqub Mahmudov qeyd edib ki, aprelin əvvəllərində təmas xəttində ilk dəfə inamlı zəfər çalınıb: “Bu gün ziyalılar, gənclik, hər kəs ayaq üstdədir. Bu qələbələrdən sonra döyüşlərdə şəhid olmuş valideynlər övladlarının tabutuna sarılmış Azərbaycan bayraqlarını təhvil alarkən “Vətən sağ olsun!” deməyi bacardılar. Şəhidlər öz qanları ilə Azərbaycan xalqını birləşdirdilər. Xüsusi qeyd edim ki, bu qələbədə Azərbaycan elminin də öz rolu var. Biz Azərbaycan tarixçiləri prezident İlham Əliyevin əsgərləriyik”.

Y. Mahmudov Azərbaycan-Türkiyə birliyinin əhəmiyyəti haqda da danışıb. O əlavə edib ki, hər zaman olduğu kimi bu çətin günlərdə də Türkiyə Azərbaycana dayaq olub.

Sonda AMEA kollektivi adından Azərbaycan prezidenti İlham Əliyevə müraciət qəbul olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR