Qlobal böhran nə vaxt bitəcək? - TƏHLİL

Qlobal böhran nə vaxt bitəcək?  - <span style="color: red;">TƏHLİL
# 22 oktyabr 2015 12:40 (UTC +04:00)

Sonrakı hadisələr bu proqnozları təsdiq etdi. Hazırkı durumda böhran hətta Böyük Depressiyadan da güclü ola bilər. Çünki əgər dünya iqtisadiyyatı indiki imkanlardan istifadə edərək böhranla “bacara bilmirsə”, deməli böhran daha kəskindir. Hadisələr isə maksimal pessimist ssenari ilə inkişaf edir, çünki dünya iqtisadi artıq böhranı üçüncü fazaya keçib.

Dünyanın ən iri investisiya banklarından biri olan “Goldman Sachs”ın analitiklərin tədqiqatına əsasən, hazırda dünyada iqtisadi böhranın üçüncü fazası inkişaf edir və bu faza inkişafda olan ölkələri əhatə edir. Qısaca, böhranın inkişaf mərhələləri aşağıdakı kimi olub:

  1. Yeddi il əvvəl ABŞ-da ipoteka böhranı başlayıb;
  2. Böhran bank sisteminə, daha sonra bütün maliyyə sisteminə keçib;
  3. Proses tədricən bütün dünyaya yayılıb və ikinci dalğa Avropada suveren borclar böhranı ilə xarakterizə olunub;
  4. Ölkələr xarici borcları idarə etməkdə çətinlik çəkib, bir sıra ölkələr iflic vəziyyətinə düşüb.

Belə olan halda heç bir iqtisadi inkişafda söhbət belə gedə bilməzdi və dövlətlər, ilk növbədə isə ABŞ və Avrozona ölkələri xilasetmə tədbirlərinə əl atmağa başlamışdı. Bu tədbirlər sırasında ilk növbədə iqtisadi canlanmanı yaratmaq üçün inkişaf etmiş ölkələrin mərkəzi banklarının faiz dərəcələrinin aşağı saldığını qeyd etmək lazımdır.

Nəticədə bəzi ölkələrdə, ilk növbədə ABŞ-da və aparıcı Avropa ölkələrində mərkəzi faiz dərəcələri rekord səviyyədə aşağı salınıb. Bu isə öz növbəsində, idarə olunan emissiya siyasəti, sahibkarlığın dəstəklənməsi proqramları və daxili istehsalın stimullaşdırılması proqramları ilə birlikdə öz nəticəsini verib. ABŞ-da artıq iqtisadi canlanma formalaşıb, lakin ölkənin iqtisadi rəhbərliyi faiz dərəcələrini hələlik əvvəlki səviyyəyə qaytarmağa tələsmir. Çünki indiki inkişaf əlamətləri hələ də çox zəifdir.

Avropada isə vəziyyət birmənalı deyil, çünki ölkələrin iqtisadiyyatları fərqli şəraitdədir ki, nəticədə iqtisadiyyatın bərpası fərqli sürətlə gedir. Amma hər halda bərpa prosesi fərqli də olsa, getməkdədir. Və ssenari üzrə, böhran xammal sahəsinə keçib ki, bu da ilk növbədə ən böyük zərbəni inkişafda olan ölkələrə vurub.

Faktiki olaraq ilk iki fazada inkişaf etmiş ölkələrdə faiz dərəcələrin aşağı düşməsi onların maliyyə bazarlarını investorlar üçün maraqsız edib və onlar inkişafda olan ölkələrə üz tutublar. Hazırda inkişaf etmiş ölkələrdə tədricən canlanma tendensiyaları müşahidə olunur və nəticədə maliyyə bazarlarında artım trendi yaranmaqdadır. Bu səbəbdən investorlar qayıtmağa başlayır ki, bu da inkişafda olan bazarları daha pis vəziyyətə salır. Bu hal ən neqativ formada Çində müşahidə olunub, bu ölkədə iqtisadi artım tempi son zamanlarda ilk dəfə olaraq azalıb. Ölkə hökuməti maliyyə sistemində tarazlaşma yaratmaq üçün milli valyutasını devalvasiya edib, lakin problemlərin makroxarakter daşıdığını nəzərə alsaq, vəziyyəti devalvasiya ilə düzəltməyin mümkünlüyünə çox az adam inanır. Paralel olaraq neftin ucuzlaşması baş verib ki, bu da inkişafda olan ölkələrinin vəziyyətini daha da kəskinləşdirir.

Ümumiyyətlə, böhranın üçüncü dalğası xammalın, xüsusən neftin aşağı qiymətləri, Çində iqtisadi artım tempinin azalması və dünyada deflyasiya prosesləri ilə xarakterizə edilir. Lakin əsas problem ondan ibarətdir ki, böhranın fazaları bir-biri ilə əlaqəlidir ki, bu da sağlamlaşmaya mane olur. Belə ki, 2010-2011-ci illərdə Avropada borc böhranı ABŞ-ın iqtisadiyyatının bərpasını ən azı iki il “təxirə salıb”, indi isə inkişafda olan iqtisadiyyatlarda yaranan problemlər Avropanın borc böhranından “qurtarmasına” mane olacaq. Böhran mərhələlərini və “Goldman Sachs”ın proqnozlarını bir neçə qrafik əyani təsdiq edir.

Burada ABŞ-ın əsas və ən geniş fond indeksi olan S&P 500 indeksinin son illərdə, böhran başlanandan çıxış dinamikası göstərilir. Göründüyü kimi, ABŞ-da böhranın ən kəskin zamanı indeks tarixi minimuma enib, 2009-cu ilin ikinci yarısında isə artıq artım tendensiya formalaşıb və hazırda indeks tarixi maksimum səviyyəsindədir. İndeksin dinamikası güzgü kimi iqtisadiyyatda baş verənləri əks etdirir. Beləliklə, həmin qrafik böhranın birinci mərhələsinin əyani nümayişidir.

Burada Avropanın maliyyə bazarlarında qiymətləri əks etdirən, Avropanın ən iri 50 şirkətlərini cəmləşdirən EURO Stoxx 50 indeksinin Avropada borc böhranın ən kəskin vaxtdan bu günə kimi dinamikası göstərilir. Göründüyü kimi, 2011-ci ildə ən mənfi dinamika müşahidə olunub və məhz həmin vaxt Avrozonada ən kəskin iqtisadi problemlər yaşanıb, Yunanıstan, Portuqaliya, İrlandiya, İtaliya kimi ölkələrdə borc böhranı, büdcə problemləri kəskinləşib. Bu indeksin dinamikası böhranın ikinci fazasını əks etdirir. Gözləmək olar ki, inkişafda olan ölkələr üzrə məcmu indeksin dinamikası üçüncü fazanın başlamasının bəzi əlamətlərini ortaya çıxarar.

Burada inkişafda olan bazarlar üzrə MSCI Emerging Markets indeksinin son aylar üzrə dinamika göstərilir. Bu məcmu indeks inkişafda olan ölkələrinin fond bazarlarını əhatə edir və burada məcmu vəziyyəti əks etdirir. Göründüyü kimi, təhlil edilən dövrdə ümumi enmə tendensiyası müşahidə olunur. Oktyabrda müəyyən tarazlaşma baş versə də, hələlik bunun fundamental və davamlı olması üçün az vaxt keçib. Ümumiyyətlə, həmin qrafik inkişafda olan ölkələrdə fond bazarlarında məcmu tendensiyasını göstərir və müvafiq təhlil aparmağa imkan verir. Belə ki, əvvəlki iki qrafik böhranın iki mərhələlərini tam doğru əks etdirirdisə, bu qrafik də üçüncü fazanı xarakterizə edir. Təbiidir ki, qrafik yalnız keçmişi əhatə edir, buna görə də hər hansı proqnozu vermək üçün texniki təhlil kifayət etməyəcək, burada fundamental təhlili aparmaq lazımdır. Bunun üçün isə öz növbəsində hazırda inkişafda olan ölkələrdə ümumi iqtisadi vəziyyətə fikir vermək vacibdir.

İnkişaf etməkdə olan ölkələrinin bir neçəsində iqtisadiyyatın əsasını neft ixracatı təşkil edir. Neft artıq son bir ildə təxminən 3 dəfə ucuzlaşıb, ucuz səviyyədə tarazlaşıb və artıq bir sıra ölkələr artıq bu şəraitə uyğunlaşmanın zəruri olduğunu anlayır. Və başa düşürlər ki, yürüdülən siyasət neftin 45-50 dollarlıq səviyyədə qalması şərtilə həyata keçirilməlidir. Lakin neftin ucuz olması yeganə problem deyil. İnkişaf etmiş ölkələrdə, o cümlədən ABŞ və bəzi Avropa dövlətlərində artıq faiz dərəcələrinin yüksəldilməsi məsələsinə baxılır ki, nəticədə investorlar artıq kapitallarını inkişaf etmədə olan ölkələrdən Qərbə qaytarır. İlk növbədə bu, inkişaf etmiş ölkələrinin dövlət istiqrazlarına aiddir. Proses artıq başlayıb və kütləvi xarakteri alan zaman inkişaf etməkdə olan ölkələrdə maliyyə böhranı qaçılmaz olacaq.

“Goldman Sachs”ın proqnozu optimizmdən çox uzaqdır – üçüncü faza artıq başlayıb və bu faza inkişaf etməkdə olan ölkələr kapital axını nəticəsində ziyana düşənədək davam edəcək. Sonrakı hadisələri proqnozlaşdırmaq qeyri-mümkündür, çünki bu həmin ölkələrində aparılan çevik iqtisadi siyasətdən asılı olacaq. Belə ki, əgər burada tez bir zamanda əlverişli investisiya mühiti yaranmasa, kapital axını yalnız sürətlənəcək. Üstəlik emissiya kütləvi xarakter alsa, iqtisadiyyatın bərpasından söhbət belə gedə bilməz. Hazırda çıxış yolunu heç kəs bilmir, yalnız müəyyən hipotetik variantlar üzərində düşünülür. Məsələn, əgər inkişaf etməkdə olan ölkələrdə rəqabətə davamlı maliyyə-kredit siyasət həyata keçirilsə, kapital axınını bir qədər saxlamaq mümkün olacaq. Bundan əlavə ABŞ-da 2008-2010-cu illərdə fəal istifadə edilmiş, hətta indiyə kimi davam edən stimullaşdırıcı proqramlar da müsbət nəticələr verə bilər. Yumşaq pul-kredit siyasəti ilə birlikdə belə tədbirlər həmişə müsbət nəticələr verib. Gözləmək olar ki, inkişaf etməkdə olan ölkələr, ilk növbədə Cənub-Şərq ölkələri və Çin həmin tədbirləri sürətləndirəcək. Bütün bunlar böhranın üçüncü fazasının tez bir zamanda başa çatmasına xidmət edə bilər. Bu isə baş verərsə, dünya iqtisadiyyatında bərpa prosesləri sürətlənəcək, xammal bazarında və investisiya normal axını sahəsində tarazlaşma yaranacaq.

Vahab Rzayev

APA Analitik Mərkəzi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR