Almaniyada Azərbaycan mədəniyyəti və tarixi ilə bağlı kitabın təqdimatı olub

Almaniyada Azərbaycan mədəniyyəti və tarixi ilə bağlı kitabın təqdimatı olub
# 22 oktyabr 2016 11:58 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Beynəlxalq Frankfurt Kitab Yarmarkası çərçivəsində Heydər Əliyev Fondu və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Avropa Azərbaycanlıları Konqresinin təşəbbüsü ilə alman fotoqrafı Barbara Lutterbekin 2014-cü ildə Azərbaycana səfərinə həsr olunmuş "Azərbaycanda qonaq olarkən- mədəniyyət və mətbəx" kitabının təqdimat mərasimi keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, təqdimat mərasimində kitabın müəllifi Barbara Lutterbeck, "WIENAND" nəşriyyatının rəhbəri Michael Wienand, Azərbaycan Respublikasının Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, Diasporla İş uzrə Dovlet Komitəsinin əməkdaşları Arzu Təbrizli ve Ofelya Talışinskaya, Avropa Azerbaycanlıları Konqresinin sədri Samira Patzer-İsmaylova, Azərbaycan Respublikasının Almaniyadaki Səfirliyinin ikinci katibi Sara Abasova iştirak ediblər.

Təqdimat mərasimini "WIENAND" nəşriyyatının rəhbəri Wienand açaraq, Azərbacandan gələn qonaqları salamlayıb. Dövlət Komitəsinin əməkdaşı Arzu Təbrizli kitabla bağlı ideyanın yaranma tarixçəsi məlumat verib. AAK-nin sədri Samira Patzer İsmailova və müəllif Barbara Lutterbek mətnlərin yazarı Brunhilde Seelsorgenin yaradıcı yanaşmasından danışıb, Heydər Əliyev Fonduna kitabın nəşrinə göstərilən dəstəyə görə təşəkkürlərini bildiriblər. AAK-ın kitabın nəşri ilə bağlı bir sıra məsələlərin həllinə təşkilati dəstək verdiyi iştirakçıların diqqətinə çatdırılıb. Daha sonra kitabın məzmunu barədə məlumat verən fotoslayd nümayiş etdirilib, kitabda toplanmış fotolar əsasında Azərbaycan haqqında ətraflı məlumat verilib. Tədbirin sonunda qonaqlara kitablar ve nəşriyyatın hədiyyələri təqdim edilib. Tədbirdə M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının direktoru Tahir Kərimov, Köçərbəyli adına uşaq Kitabxanasının direktoru Şəhla Qənbərova, Almaniya Əyalət Parlamentinin uzvu Rahim Şmidt, Maynz Azərbaycan Cəmiyyətinin sədri Başar Kömür, Frankfurt Azərbaycan Cəmiyyətinin sədri Kəmalə İsgəndərova, Dağ Yəhudiləri Cəmiyyətinin sədri Orxan Şafadyyayev, Frankfurt Xaricilər Şurasının sədri Cume Mammadov, Alman ictimaiyyətinin ve Azərbaycan diasporunun numayəndələri, Kitab yarmarkasının qonaqları iştirak edib.

"Azərbaycanda qonaq olarkən- mədəniyyət və mətbəx" adlı kitab Köln şəhərində fəaliyyət göstərən "WIENAND" nəşriyyat evi tərəfindən iki dildə - alman və ingilis dillərində çap edilib. Kitabda alman Elmi mənbələrindən qaynaqlanan Azərbaycan tarixilə bağlı maraqlı faktlar, Azərbaycanın əsrlərdən bəri Avropanın bir sıra ölkələri ilə qurdugu əlaqələr haqqında, Azərbaycan mədəniyyəti və mətbəxinə dair geniş məlumat verilib. Kitab sərgi izləyiciləri tərəfindən böyük maraqla qarşılanıb. "WIENAND" nəşriyyat evi "'Azərbaycanda qonaq olarkən- mədəniyyət ve mətbəx"Adlı kitabı Almaniyanın bir sıra böyük şəhərlərinin kitab dukanlarında oxuculara təqdim edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR