Ucarda Qarabağ müharibəsi əlillərinə evlər təqdim edilib

Ucarda Qarabağ müharibəsi əlillərinə evlər təqdim edilib
# 01 dekabr 2016 11:29 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daha 6 ədəd fərdi yaşayış evini Ucar rayonunda Qarabağ müharibəsi əlillərinin istifadəsinə verib.

APA-nın yerli bürosunun məlumatına görə, həmin fərdi yaşayış evlərinin hər biri onların təqdim olunduğu şəxslərin ailə üzvlərinin sayına uyğun olaraq üçotaqlıdır və evlərdə müasir tələblərə uyğun yaşayış şəraitinin yaradılması təmin edilib.

Yeni fərdi yaşayış evlərinin istifadəyə verilməsi tədbirində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Ucar rayon İcra Hakimiyyətinin məsul şəxsləri, əlil ictimai təşkilatlarının və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər. Tədbirdə Azərbaycanda sosial cəhətdən həssas əhali qruplarının rifah halının yaxşılaşdırılması istiqamətində aparılan işlərdən bəhs olunub. Ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinin Azərbaycanda həyata keçirilən sosial siyasətdə mühüm yer tutduğu diqqətə çatdırılıb.

Qeyd olunub ki, cari ildə nazirlik 30-dan çox rayonda 140 ədəd fərdi yaşayış evini və 54 mənzilli yaşayış binasını, Abşeron rayonunda hazır yaşayış binalarından alınaraq təmir etdirilmiş 64 ədəd mənzili istifadəyə verib. Beləliklə, bu il nazirlik 258 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsini mənzillə təmin edib. Ölkədə sosial sahəyə dövlət qayğısının ildən-ilə artırılması bütün sosial proqramlar kimi, müharibə əlilləri və şəhid ailələrinin mənzillə təminatı proqramının da uğurla davam etdiriləcəyinə əsas yaradır.

Digər çıxış edənlər müharibə əlilləri və onlara bərabər tutulanların, şəhid ailələrinin ayrı-ayrı sosial təminat növləri ilə təmin olunduqlarından da bəhs edib, bu sosial ödənişlərin mütəmadi olaraq artırıldığını diqqətə çatdırıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR