Bakıda “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının yığıncağı keçirilir

Bakıda “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının yığıncağı keçirilir
# 01 aprel 2017 10:04 (UTC +04:00)

Bu gün Bakıda “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin İdarə Heyətinin və eyni zamanda təşkilatın ümumi yığıncağı keçirilir.

APA-Economics”in məlumatına görə, İdarə Heyətinin yığıncağında “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) ” Beynəlxalq assosiasiyası” Hüquqi Şəxslər Birliyində üzvlük haqqında, TBNM-in inkişafı üzrə İşçi qrupu haqqında müddəaların təsdiqlənməsi məsələsinə baxılacaq. Bundan başqa, yığıncaqda TBNM-in inkişafı üzrə Hüquqi Şəxslər Birliyinin işçi qrupunun tərkibinin, işçilərinin əmək haqlarının və 2017-ci il üçün tədbirlər planının təsdiqlənəcəyi gözlənilir.

Ümumi yığıncaqda təsisçilərin ümumi məclisinin qərarı ilə təsdiq edilmiş “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) ” Beynəlxalq Assosiasiyası” Hüquqi Şəxslər Birliyinin nizamnaməsi müzakirə olunacaq. Həmçinin, ümumi yığıncağın gündəliyinə İdarə Heyətinin tərkibinə dəyişikliklər edilməsi, Təftiş komissiyasının tərkibinin təsdiqi də daxildir.

Tədbirdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin baş direktoru Taleh Ziyadov, “Qazaxıstan Dəmir Yolu” SC-nin prezidenti Kanat Alpısbayev və “Gürcüstan Dəmir Yolu” SC-nin sədri Mamuka Baxtadze iştirak edir.

Tədbirin sonunda müvafiq protokol imzalanacaq.

Qeyd edək ki, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu üzrə “Şixezi (Çin)-Dostık-Aktau-Ələt limanı” istiqamətində hərəkət edən ilk “Nomand ekspress” sınaq konteyner qatarı 3 avqust 2015-ci ildə yola salınıb. Daha sonra Ukrayna Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutuna qoşulub.

Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu ilə hərəkət edən “Nomad Ekspress” qatarı orta hesabla 10-12 günə yükləri Çindən Avropaya çatdırır. Bu da marşrutun əsas üstünlüklərindən biridir. Yaxın gələcəkdə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsindən sonra Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun yükötürmə qabiliyyəti artacaq və qatarların çatdırılma vaxtı qısalacaq.

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutun üzrə daşımaların effektivliyinin artırılması və qarşılıqlı əlaqələndirmə işlərinin operativliyinin artırılması üçün böyük potensial mövcuddur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR