Nazir: “Azərbaycan-Aİ yeni razılaşmasında ölkəmizin ərazi bütövlüyünə dəstək və hörmət əksini tapıb”

Nazir: “Azərbaycan-Aİ yeni razılaşmasında ölkəmizin ərazi bütövlüyünə dəstək və hörmət əksini tapıb”
# 12 aprel 2017 17:10 (UTC +04:00)

“Azərbaycan Avropa İttifaqının etibarlı tərəfdaşı olub və Avropa İttifaqı ilə qarşılıqlı hörmət, bərabər tərəfdaşlıq və ümumi maraqlara əsaslanan münasibətlərin inkişaf etdirilməsi istiqamətində qəti siyasi iradə nümayiş etdirib”.

Xarici İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, bunu nazir Elmar Məmmədyarov Şərq Tərəfdaşlığı və Vışeqrad qrupu ölkələrinin Polşada keçirilən iclasında çıxışı zamanı deyib.

Nazir bildirib ki, fevralda Azərbaycan prezidentinin Brüsselə səfəri yeni ikitərəfli sənəd üzrə rəsmi danışıqlar prosesinin başlanması ilə ikitərəfli münasibətlərdə yeni səhifə açıb: “Biz “suverenlik, müstəqillik və dövlətlərin ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı və münaqişələrin sülh yolu ilə həlli Avropa təhlükəsizlik nizamı üçün əsas elementlərdir və bu prinsiplər Avropa İttifaqının daxilində və kənarda olan bütün dövlətlərə şamil edilir” bəndinin də əks olunduğu 2016-cı ildə qəbul edilmiş Avropa İttifaqı Xarici və Təhlükəsizlik Siyasəti üzrə Qlobal Strategiyasına sadiqliyini alqışlayırıq. Azərbaycan bu yeni və uzaqgörən sənədin əlaqələrimizin strateji tərəfdaşlıq səviyyəsinə qalxmasına yol açacağına inanaraq, danışıqlar prosesinə daxil olur və inanırıq ki, bu, dəyişkən siyasi və təhlükəsizlik mühiti fonunda tərəflərin ehtiyac və prioritetlərini qarşılayacaq. Sədr dövlət olaraq Polşanın təqdim etdiyi konsepsiya sənədində də əks olunduğu kimi, uzlaşma məsələsinə xüsusi diqqət yeritməklə, sektorlar üzrə əməkdaşlıq həqiqətən də qarşılıqlı maraqlarımıza əsaslanan ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyimizin inkişafında vacib rol oynayır".

Nazir bildirib ki, enerji sahəsində strateji əməkdaşlıq əlaqələrimizin özülü olmaqda davam edir: "Cənub Qaz Dəhlizi istehsalçı, tranzit ölkələri və istehlakçıların maraqları arasında düzgün tarazlığı ilə enerji təhlükəsizliyi və şaxələndirilməsi üzrə unikal layihədir. Cənub Qaz Dəhlizi layihəsinin vaxtında yerinə yetirilməsinə qəti siyasi dəstək Azərbaycan tərəfindən təşkil edilən və CQD ölkələri, tərəfdaş dövlətlər və Avropa Komissiyasının yüksək səviyyəli rəsmilərinin iştirak etdiyi Cənub Qaz Dəhlizi Məşvərət Şurasının III görüşündə bir daha bəyan edilib. Biz ümumi maraqlarımıza uyğun gələn digər sahələr, o cümlədən uzlaşma, ətraf mühit, təhsil, turizm, mədəniyyət və mobillik, həmçinin insanlararası təmaslar, kiçik və orta sahibkarlığın dəstəklənməsi sahəsində də dialoqu inkişaf etdirmək niyyətindəyik”.

E. Məmmədyarov bildirib ki, Avropa İttifaqı qonşuluğunda geosiyasi və təhlükəsizlik dəyişiklikləri və çağırışları fonunda Aİ ilə dialoqun gücləndirilməsi Azərbaycanın prioritetləri sırasındadır: “Son illərdə Şərq Tərəfdaşlığının ikitərəfli və çoxtərəfli istiqamətləri avropalı tərəfdaşlarla təcrübələrin bölüşdürülməsi və ən yaxşı praktikanın mübadiləsində faydalı vasitə olduğunu sübut edib. Aprel ayının sonunda Avropa İttifaqı ilə yeni ikitərəfli razılaşma üzrə danışıqlara başlayacağıq. Azərbaycan üçün ən mühüm element ondan ibarətdir ki, yeni razılaşma kifayət qədər aydın şəkildə Avropa İttifaqının Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına dəstəyi və hörməti və bu mövqeyə uyğun fəaliyyətə sadiqliyi əks etdirir. Xüsusilə də bu, 2016-cı il Avropa İttifaqının Xarici və Təhlükəsizlik Siyasəti üzrə Qlobal Strategiyasında əks olunub. Azərbaycanın, eləcə də Şərq Tərəfdaşlığının digər ölkələrinin ərazi bütövlüyünə hörmət yalnız bizim maraqlarımız üçün deyil, həmçinin Avropa İttifaqının da maraqlarına uyğundur və regionun inkişafı üçün önəmlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR