“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 31-ci cildi çapdan çıxıb

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 31-ci cildi çapdan çıxıb
# 14 oktyabr 2016 08:47 (UTC +04:00)

Bakı-APA. “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 31-ci cildi çapdan çıxıb.

APA-nın xəbərinə görə, nəşrin bu cildi Azərbaycan prezidenti İlham Əliyevin Böyük Britaniyanın ticarət və investisiyalar naziri Diqbi Consu qəbul etməsinə dair material ilə başlanır. Dövlət başçısının bu yazının sərlövhəsinə çıxarılmış sözləri Azərbaycan parlamentinin 90 illik yubileyinə həsr olunmuş təntənəli yığıncaqda söylədiyi nitqindən götürülüb: “Bu gün bizim qarşımızda yeni vəzifələr dayanır, yeni çağırışlar dayanır və biz bunlara hazır olmalıyıq. Azərbaycan müstəqil siyasətini davam etdirəcək. Bu siyasət Azərbaycan xalqının milli maraqlarına xidmət göstərir, milli maraqlarımızı qoruyur və Azərbaycan əhalisinin rifah halının yaxşılaşmasına xidmət edir. Siyasi proseslərin müsbət istiqamətdə inkişaf etməsi, Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşması, xalqla iqtidar arasında birliyin möhkəmlənməsi – bütün bu amillər ölkəmizin hərtərəfli inkişafı üçün gözəl şərait yaradır”.

Çoxcildliyin bu nəşrinə daxil olan materiallar 2008-ci ilin iyunundan avqustunadək olan dövrü əhatə edir.

Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin bu kitabında dövlət başçısının MDB-nin üzvü olan ölkələrin dövlət başçılarının qeyri-rəsmi zirvə görüşündə iştirak etmək üçün Rusiyanın Sankt-Peterburq şəhərinə, GUAM dövlət başçılarının zirvə görüşündə iştirak etmək üçün Gürcüstanın Batumi şəhərinə səfərləri, habelə Batumidə keçirdiyi görüşlərə dair materiallar yer alıb. Kitabda Prezident İlham Əliyevin Astananın 10 illik yubileyi münasibətilə keçirilən təntənəli tədbirlərdə iştirak etməsi üçün Qazaxıstana işgüzar səfəri çərçivəsində Prezident Nursultan Nazarbayevlə, Astanada İordaniya Kralı II Abdullah və Türkiyə Prezidenti Abdullah Gül ilə görüşlərinin, Bakı-Tbilisi-Qars dəmir yolunun Türkiyə hissəsinin təməlqoyma mərasimində iştirak etməsinin, Pekində keçirilən XXIX Yay Olimpiya Oyunları ilə əlaqədar Çin Xalq Respublikasına səfərinin materialları da toplanıb.

Bu cilddə dövlət başçısının Bakıya rəsmi səfərə gəlmiş Ukrayna Prezidenti Viktor Yuşşenko, Rusiya Prezidenti Dmitri Medvedev ilə görüşlərinə, Böyük Britaniyanın York Hersoqu şahzadə Endryunu, İranın, Rusiyanın, Türkiyənin, Belçikanın, Səudiyyə Ərəbistanının, Belarusun, Polşanın, Rumıniyanın, Moldovanın, Pakistanın, İordaniyanın, ABŞ-ın və digər ölkələrin, beynəlxalq təşkilatların və şirkətlərin yüksək vəzifəli şəxslərini qəbul etməsinə dair materiallar verilib.

Nəşrdə prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2008-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında dövlətimizin başçısının söylədiyi nitq, respublikada aparılan abadlıq və quruculuq işləri ilə yaxından tanışlığına dair materiallar, “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusunda Beynəlxalq Bakı Forumunun, Ombudsmanların VI Bakı Beynəlxalq Konfransının iştirakçılarına müraciətləri, habelə müxtəlif çıxışları, məktubları, bəyanatları yer alıb.

Kitaba “Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri də daxil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR