Atmosferin çirklənməsi ilə bağlı aparılmış monitorinqin nəticələri açıqlanıb

Atmosferin çirklənməsi ilə bağlı aparılmış monitorinqin nəticələri açıqlanıb
# 02 fevral 2017 12:26 (UTC +04:00)

2016-cı ildə atmosfer havasının çirklənməsi ilə bağlı aparılmış monitorinqin nəticələri açıqlanıb.

APA-nın xəbərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin 2016-cı il üzrə hesabatında bildirilib ki, atmosfer havasının çirklənməsinin monitorinqi ölkənin 8 iri sənaye şəhərində - Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan, Naxçıvan, Lənkəran və Şəkidə yerləşən 24 məntəqədə aparılıb.

Hesabatda qeyd olunub ki, bu şəhərlərdə atmosfer havasının fon tərkibi və hər bir şəhərin spesifik zərərli maddələri üzrə 2016-cı il ərzində 89135 nümunə götürülüb və həmin nümunələr üzərində 17 adda çirkləndirici üzrə 90839 analiz aparılıb: “Hesabat dövründə aparılan müşahidələrin nəticələri göstərib ki, Bakı şəhərində havada əsas çirkləndiricilərdən tozun orta aylıq qatılığı 1.3, azot 4-oksid 1.2, formaldehid 2.3, hidrogen flüorid 1.6 dəfə Yol Verilən Qatılıq Həddini (YVQH) keçib. Sumqayıt şəhəri üzrə havada əsas çirkləndiricilərdən azot 4-oksid 2.2 dəfə, hidrogen flüorid 2 dəfə YVQH-dən yüksək olub. Gəncə şəhəri üzrə atmosfer havasında müşahidə olunan zərərli maddələrdən hidrogen flüorid 1.2 dəfə yol verilən qatılıq həddindən artıq olub. Mingəçevir şəhərində aparılan müşahidələrin nəticələrinə görə, toz - 1.3 və fenol 1.7 dəfə YVQH-dən yüksək olub. Şəki, Lənkəran və Naxçıvan şəhərləri üzrə atmosfer havasındakı zərərli inqrediyentlərin orta və maksimal qatılıqları yol verilən qatılıq həddini keçməyib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR