Qusarda itkin düşən yeniyetmənin meyiti tapılıb - YENİLƏNİB-1

Qusarda itkin düşən yeniyetmənin meyiti tapılıb - YENİLƏNİB-1
# 03 fevral 2020 18:21 (UTC +04:00)

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Qusarda itkin düşən yeniyetmənin ölməsi faktı ilə bağlı birgə məlumat yayıb.

APA-ya daxil olan birgə məlumatda qeyd olunur ki, fevralın 1-də itkin düşmüş Qusar rayonu Bədirqala kənd sakini, 2006-cı il təvəllüdlü Əmrah Əmrahovun axtarılıb tapılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində onun meyiti fevralın 3-də saat 16 radələrində yaşadığı evdən təxminən 1 km kənarda fərdi təsərrüfata aid sahədə yüksək gərginlikli transformator otağında aşkar edilib.

Prokurorluq və polis əməkdaşları dərhal hadisə yeri və meyitə “Azərişıq” ASC-nin səlahiyyətli nümayəndələrinin, məhkəmə-tibbi ekspertinin iştirakı ilə baxış keçirib.

İlkin məlumata görə mərhumun ölümünə səbəb elektrik cərəyanı vurması olub.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə müvafiq ekspertizalar təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda cinayət işi üzrə bütün halların tam və hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

***

saat 17:50

Qusarda itkin düşən yeniyetmənin meyiti tapılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan APA-ya verilən məlumata görə, Qusar RPŞ-nin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu il fevralın 1-də itkin düşmüş 2006-cı il təvəllüdlü Əmrahov Əmrah Nurulla oğlunun meyiti bu gün saat 15:30 radələrində yaşadığı kəndin yaxınlığında yerləşən transformatordan tapılıb.

Araşdırmalar zamanı məlum olub ki, Əmrah Əmrahov həmin transformatora daxil olub, elektrik enerjisi vurması nəticəsində dünyasını dəyişib.

***

saat 14:56

Qusar sakini itkin düşüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan APA-ya verilən məlumata görə, Qusar rayonu Bədirqala kənd sakini, 2006-cı il təvəllüdlü Əmrahov Əmrah Nurulla oğlu cari ilin fevral ayının 1-də axşam saatlarında yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Əmrah Əmrahovun əlamətləri belədir: Boyu 155-160 sm, orta bədən quruluşlu, qısa saçlı, sağ qaşında xırda çapıq var. Azərbaycan və ləzgi dillərində sərbəst danışır.

Evdən çıxan zaman onun əynində qara idman şalvarı, qara qısa gödəkcə və qara rəngli idman papağı olub.

Şəkildə gördüyünüz yeniyetməni tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Qusar Rayon Polis Şöbəsinə və 023-385-28-22 şəhər nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR