Moldova və Tacikistan prezidentləri Azərbaycanın dövlət başçısını təbrik ediblər

Moldova və Tacikistan prezidentləri Azərbaycanın dövlət başçısını təbrik ediblər
# 22 dekabr 2016 16:08 (UTC +04:00)

Moldova prezidenti Nikolaye Timofti Azərbaycanın dövlət başçısı İlham Əliyevi ad günü münasibəti ilə təbrik edib.

APA-nın məlumatına görə, N. Timoftinin məktubunda deyilir:

“Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan olduqca məmnunam. Bu xoş fürsətdən istifadə edərək, Azərbaycan Respublikasının dövlətçiliyinin davamlı olaraq möhkəmlənməsi və Azərbaycan xalqının firavanlığı üçün Sizin sanballı töhfənizi xüsusi qeyd etmək istərdim. İcazə verin, əmin olduğumu bildirim ki, Sizin nümayiş etdirdiyiniz fədakarlıq bundan sonra da vətəndaşların rifahının yüksəlməsinə, ölkənin xarici siyasi mövqeyinin möhkəmlənməsinə xidmət edəcək.

Ümidvaram ki, ənənəvi Moldova-Azərbaycan dostluq münasibətləri bundan sonra da siyasi dialoqun inkişafına, faydalı əməkdaşlığın dərinləşməsinə və beynəlxalq məkanda qarşılıqlı dəstəyin qorunub saxlanmasına töhfə verəcək.

Cənab Prezident, xahiş edirəm səmimi təbriklərimi, möhkəm cansağlığı, uğurlar, habelə ali dövləti fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzularımı, Azərbaycan xalqına sülh və firavanlıq diləklərimi və böyük ehtiramımı qəbul edin”.

Azərbaycan prezidentini həmçinin Tacikistan prezidenti Emoməli Rəhmon təbrik edib: “Hörmətli İlham Heydər oğlu. Əlamətdar 55 illik yubileyiniz münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı Sizə ünvanlamaqdan məmnunluq hissi duyuram. Yorulmaz əməyiniz və səyləriniz sayəsində Azərbaycan sosial-iqtisadi inkişafla bağlı böyük uğurlara nail olub və beynəlxalq məkanda haqlı olaraq layiqli mövqe tutur. Biz dostlarımızın bu nailiyyətlərinə səmimi qəlbdən sevinirik. Sizin Tacikistan-Azərbaycan münasibətlərinin inkişafına töhfəniz də sanballıdır.

Tacikistan Azərbaycan ilə tərəfdaşlıq münasibətlərini yüksək qiymətləndirir. Biz qarşılıqlı faydalı əməkdaşlığımızı bütün istiqamətlərdə ardıcıl davam etdirməyə hazırıq. Əminəm ki, ölkələrimizin qarşılıqlı əlaqələri birgə səylərimizlə daha da möhkəmlənəcək və maraqların üst-üstə düşdüyü yeni sahələri əhatə edəcək. Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və dost Azərbaycanın tərəqqisi naminə bütün təşəbbüslərinizdə daha böyük uğurlar arzu edirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR