Budapeştdə Azərbaycan Xalça Muzeyinin 50 illiyinə həsr olunmuş tədbir keçirilib

Budapeştdə Azərbaycan Xalça Muzeyinin 50 illiyinə həsr olunmuş tədbir keçirilib
# 27 sentyabr 2017 19:04 (UTC +04:00)

Sentyabrın 26-da Budapeştdə yerləşən Tətbiqi Sənət muzeyində Azərbaycan Xalça Muzeyinin 50 illiyinə həsr olunmuş tədbir keçirilib.

Azərbaycanın Macarıstandakı səfirliyindən APA-ya verilən məlumata görə, tədbirdə mühazirəçi qismində Azərbaycan Xalça Muzeyinin direktoru, İCOM Azərbaycan Milli Komitəsinin sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova çıxış edib. Tədbiri Tətbiqi Sənət muzeyinin direktoru Zoltan Çelovzki açaraq, qonaqları salamlamış və həmkarı Ş.Məlikovanı təqdim edib.

Ş.Məlikova ona yaradılan fürsətə görə Z.Çelovzkiyə və Azərbaycan Respublikasının Macarıstandakı səfirliyinə minnətdarlığını bildirib. Daha sonra Ş.Məlikova Azərbaycanın xalçaçılıq sənəti, tarixi və ənənələri barədə ətraflı təqdimat keçirib. Həmçinin, Ş.Məlikova Azərbaycanın xalçaçılıq sənətinin inkişafı ilə bağlı ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətlərini qeyd edərək, Azərbaycan prezidenti İlham Əliyevin və 1-ci Vitse-prezident Mehriban xanım Əliyevanın bu ölməz sənət sahəsinin öz inkişafına xüsusi diqqət ayırdığını söyləyib. Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən yeni inşa edilmiş xalça muzeyinin inzibati binası barədə məlumat verən natiq hazırda 50 illik yubileyini qeyd edən bu mədəniyyət ocağının fəaliyyətindən, burada nümayiş olunan nadir sənət nümunələrindən və gələcək planlardan bəhs edib. Azərbaycanın görkəmli xalçaşünası Lətif Kərimovun ölkəmizdə xalçaçılığın inkişafında əhəmiyyətli roluna diqqət çəkən Ş.Məlikova onun bu sahədəki xidmətlərindən söz açıb.

Diqqət çəkən məqam ondan ibarətdir ki, Ş.Məlikova çıxışı zamanı Azərbaycan ərazilərinin 20 faizinin 25 ildən artıqdır ki erməni işğalı altında olduğunu vurğulayıb, hazırda işğala məruz qalmış Azərbaycanın qədim şəhəri Şuşada mövcud olmuş muzeyin eksponatlarının 1990-cı ildə Bakı şəhərinə köçürülməsinin mümkün olduğunu, lakin işğal altında olan xeyli sayda mədəniyyət ocaqlarımızın, sənət əsərlərimizin erməni vandalları tərəfindən məhv edildiyini təəssüf hissi ilə qeyd edib. Ş.Məlikovanın təqdimatı qonaqlar tərəfindən son dərəcə maraqla qarşılanıb, onların Azərbaycanın mədəni irsi və xalçaçılıq məktəbinə dair sualları cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR