Ötən ay Bakının ilkin mənzil bazarında ucuzlaşma müşahidə olunub

Ötən ay Bakının ilkin mənzil bazarında ucuzlaşma müşahidə olunub
# 15 may 2015 08:15 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Aprel ayında Bakının ilkin yaşayış mənzil bazarında satışa təklif olunan “pod moyak” yaşayış mənzillərinin hesablanmış orta təklif qiyməti 1149 dollar/kv.m-dən 7,22% azalaraq 1066 dollar/kv.m-ə qədər, milli valyuta ilə isə ay ərzində 1206 manat/kv.m-dən 7.38% azalaraq 1117 manat/kv.m bəndində qərarlaşıb.

APA-Economics”in MBA Ltd” qiymətləndirmə və konsaltinq şirkətinin monitorinq qrupunun paytaxtın ilkin mənzil bazarında apardığı araşdırmanın nəticələrinə istinadən verdiyi məlumata görə, aparılan tədqiqatlar göstərir ki, bu seqment üzrə qiymətlərin azalması, təkrar yaşayış mənzil bazarında olduğu kimin devalvasiyadan sonrakı qiymət sıçrayışının yüngülləşməsi ilə əlaqədardır.

Mart ayında qiymət indeksində 0,45 bənd azalma müşahidə edilib.


lkin yaşayış mənzil bazarında təklif edilən mənzillərin əksər hissəsini 1000 dollar/kv.m-ə qədər və ya ümumi portfelin 52,6%-i olan ucuz mənzillər təşkil edir. Qiyməti 1000-1600 dollar/kv.m aralığında olan orta mənzillərə düşən pay isə 37,5%-dir. Qeydə alınan orta bazar qiymətləri isə müvafiq olaraq 766 dollar/kv.m və 1200 dollar/kv.m-dir. Ümumi təklif portfelinin qalan 9,9%-ni isə qiyməti 1600 dollar/kv.m-dən yuxarı olan bahalı mənzillərdir, burada qeydə alınan orta qiymət isə 2145 $/kv.m-dir.

Yeni tikililərin sayının kəskin azalmasına son aylarda baş verən proseslər nəticəsində tikintinin tempinin aşağı düşməsi, eyni zamanda bəzi binalarda “pod moyak” olan evlərin artıq təmir olunaraq təkrar mənzil bazarına daxil olmaları səbəb olub.

Ay ərzində ən çox yeni tikili Yasamal rayonu ərazisində aparılır. Xətai və Nəsimi rayonları bu baxımdan sonrakı yerlərdəki mövqelərini qoruyurlar. Üç rayon üzrə tikintisi aparılan yeni binaların ümumi tikinti portfelindəki payı 63,4% təşkil edir. Qalan rayonlarda isə hələlik tikintinin həcmində hər hansı ciddi dəyişiklik baş verməyib.

Hesabat ayı üzrə təklif portfelində satışa çıxarılan “pod moyak” mənzillərin sayında Nəsimi, Xətai və Yasamal rayonlarının payı mütləq çoxluq təşkil edir və bu 3 rayonun ümumi təklif portfelindəki payı birlikdə 72,4%-ə bərabərdir.

İlkin yaşayış mənzil bazarında kvadrat metrin qiymətinə görə təklif olunan ən bahalı mənzil 4 otaqlı təmirsiz mənzildə qeydə alınıb. Yasamal rayonunda, “Nizami” m/st yaxınlığında yerləşən 245 kv.m sahəyə malik olan, tam təmirsiz mənzilin kvadrat metrinin satışa təklif olunan qiyməti 3300 dollar təşkil edib. Ən ucuz mənzil isə Masazır qəsəbəsində yerləşən 59 kv.m-lik sahəyə malik yeni tikili, 1 otaqlı mənzildə qeydə alınıb, 400 dollar/kv.m.

Son ayda bazarda təklif olunan “pod moyak” mənzillərin ümumi orta sahəsi 3,1% artaraq 119,21 kv.m təşkil edib. Otaqlar üzrə isə bir otaqlı mənzilin ümumi sahəsi ortalama 60,41, iki otaqlı 90,11, üç otaqlı 128,64, dörd və beş otaqlı mənzillərdə isə müvafiq olaraq orta sahə 183,23 və 280,0 kv.m qeydə alınıb.

Otaqlar üzrə 3, 4 və 5 otaqlı mənzillərin sayında azalma qeydə alınıb. Təklif üzrə ən çox azalma 4 otaqlılarda qeydə alınıb (2,0%). 1 və 2 otaqlı mənzillərin təklif üzrə payında isə artım müşahidə olunub. Ən çox artım 2 otaqlı mənzillərdə qeydə alınıb (1,3%). Yeni tikililərin satışında yaranan problemlərdən sonra tikinti şirkətlərinin bir çoxu mənzillərini satmaq məqsədilə böyük kvadratlı (4 və 5 otaqlılar üzrə) mənzilləri 2 və 1 otaqlı mənzillərə bölməklə marketinq və satış siyasətlərində yeniliklər etməyə çalışırlar. Bu səbəbdən də tədricən təkrar bazara daxil olan yeni tikililərin hesabına yenidən 2 otaqlı mənzillər sayı ümumi portfeldə 3 otaqlı mənzillərə yaxınlaşmaqdadır.

Ay ərzində yalnız Səbail və Suraxanı rayonlarında qiymət artımı (3,3% və 27,8%) qeydə alınıb. Apreldə ən çox qiymət azalması isə Sabunçu və Nəsimi rayonlarında (-18.5% və -15.2%) qeydə alınıb.

Bazarda mənzillərin 1 kv.m-in orta qiymətindən (1066 ABŞ dolları) aşağı olan mənzillər ümumi portfeldə daha çox paya, yəni 67,2%-ə malikdir. Mənzillərin orta otaq göstəricisi 2,65, orta sahə göstəricisi 119,21, hər otağın orta satış qiyməti 51 636 dollar, mənzilin orta qiyməti isə 136 838 dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR