Vergi Məcəlləsində dəyişikliklərlə bağlı Tədbirlər Planı qəbul edilib

Vergi Məcəlləsində dəyişikliklərlə bağlı Tədbirlər Planı qəbul edilib
# 29 dekabr 2016 13:26 (UTC +04:00)

"Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanunun tətbiqi ilə bağlı Vergilər Nazirliyinin qarşısında duran vəzifələrə həsr edilmiş kollegiya iclası keçirilib.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, vergilər naziri Fazil Məmmədov bildirib ki, prezident İlham Əliyevin rəhbərliyi altında sahibkarlığın inkişafının dəstəklənməsi, özəl sektorun fəaliyyətinin genişləndirilməsi, iqtisadiyyata investisiya qoyuluşlarının stimullaşdırılması istiqamətində həyata keçirilən iqtisadi siyasətin tərkib hissəsi olaraq, ötən illər ərzində milli vergi sistemində də geniş islahatlar aparılıb. Onun sözlərinə görə, çevik vergi siyasətinin həyata keçirilməsi, vergi inzibatçılığının təkmilləşdirilməsi, vergi orqanları ilə vergi ödəyiciləri arasında münasibətlərin qarşılıqlı etimada əsaslanan şəffaf mexanizmlər əsasında qurulması, onlara geniş xidmətlərin, o cümlədən elektron xidmətlərin təqdim edilməsi istiqamətində əhəmiyyətli işlər görülüb.

Vergilər naziri prezident İlham Əliyevin imzaladığı “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında” 4 avqust 2016-cı il tarixli sərəncamına toxunaraq bildirib ki, 2016-cı ildə vergi sahəsində aparılacaq islahatların əsas istiqamətlərini müəyyən edib, sərəncamdan irəli gələn məsələlərin həlli, vergi orqanları qarşısında qoyulmuş vəzifələrin icrası, vergi ödəyiciləri ilə qarşılıqlı etimada əsaslanan partnyorluq münasibətlərin qurulması məqsədilə ötən müddət ərzində nazirliyin strukturu və menecmenti müasir idarəetmənin tələblərinə uyğun olaraq yenidən qurulub və bu istiqamətdə işlər davam etdirilir: “Cari ilin sentyabr ayında Qlobal Forumun Qiymətləndirmə Qrupu Azərbaycanın vergi sistemində şəffaflığın və məlumat mübadiləsi sisteminin beynəlxalq standartlara uyğunluğu ilə bağlı ölkə hesabatını qəbul edərək ölkəmizə yüksək reytinq verib”.

F. Məmmədov sərəncamdan irəli gələn məsələlərin həll edilməsi məqsədilə “Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” və digər qanun layihələrinin artıq qəbul olunduğunu və dövlət başçısı tərəfindən imzalandığını diqqətə çatdırıb.

Vergi Məcəlləsinə həm həcm, həm də mahiyyət baxımından olduqca ciddi dəyişikliklər edildiyini vurğulayan nazir bildirib ki, dəyişikliklərin əsas məqsədi sahibkarların, xüsusilə kiçik və orta biznesin inkişafına daha əlverişli şəraitin yaradılması, vergi orqanları və sahibkarlıq subyektləri arasında qarşılıqlı etimadın səviyyəsinin yüksəldilməsi, nağdsız əməliyyatların həcminin artırılması, pul dövriyyəsinin tənzimlənməsi, bankların likvidliyinin və bilavasitə vergi mühitinin cəlbediciliyinin artırılması yolu ilə iqtisadiyyata investisiya qoyuluşlarının təşviq edilməsi, ixracın stimullaşdırılması, dürüst və şəffaf uçotun qurulmasıdır.

Kollegiya iclasında Vergi Məcəlləsində dəyişikliklərdən irəli gələn məsələlərlə bağlı müzakirələr aparılıb, real vergi potensialının dəqiqləşdirilməsi və bu sahədə şəffaflığın təmin edilməsi, vergi bazasının genişləndirilməsi, habelə uçot və risklərin idarə edilməsi sahələrində nəzarətin gücləndirilməsi, vergi ödəyicilərinə göstərilən xidmətlərin genişləndirilməsi sahəsində görülən işlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində mövcud vəziyyət ətraflı müzakirə edilib.

Kollegiyada "Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununun tətbiqi ilə bağlı Tədbirlər Planı” qəbul edilib.

F.Məmmədov Tədbirlər Planında nəzərdə tutulmuş məsələlərin çevik və sürətlə icrasının təmin olunması məqsədilə vergilər nazirinin rəhbərlik etdiyi, nazir müavinlərinin və bir sıra qurum rəhbərlərinin də daxil olduğu İdarəetmə Mərkəzinin yaradılması ilə bağlı konkret tapşırıqlar verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR