"Azərbaycan Dəmir Yolları” QSC-nin vəzifəli şəxsi məhkəmədə ifadə verib

"Azərbaycan Dəmir Yolları” QSC-nin vəzifəli şəxsi məhkəmədə ifadə verib
# 30 may 2018 08:48 (UTC +04:00)

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Rahib Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın xəbərinə görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində "Azərbaycan Dəmir Yolları” QSC-nin "İxtisaslaşdırılmlış Dəmir Yolu" MMC-in Yol Təsərrüfatı İdarəsinin rəis müavini Üsaməddin Məlikov ifadə verib.

O bildirib ki, R. Hüseynova 50 min ABŞ dolları məbləğində pul verib: "Atasının fermer təsərrüfatını genişləndirmək üçün bu pulları almışdı".

Vəkil bildirib ki, mühasibatlıq kitablarında Rahib Hüseynov Üsaməddin Məlikovdan 3 milyon 700 min manat aldığı qeyd edilib.

Üsaməddin Məlikov isə bildirib ki, o göstərilən məbləğdə pul verməyib: "Ola bilər ki, Rahib Hüseynovun başqa adamlardan aldığı pulları da məni adıma yazılıb".

Rahib Hüseynov deyib ki, başqalarından alınan pullar faizlə kitabda qeyd edilib: "Pullar 10 faizlə qaytarılıb. Elnar Əsgərovun tapşırığı ilə nə olubsa eləmişəm. Mənə pulu Elnarın özü verib. Hər pul haqq-hesabında mənə ayrıca pul verib".

Hakim bildirib ki, ümumilikdə kitabda Ü. Məlikovun R. Hüseynova 3 milyon 600 min manat pul verdiyi qeyd edilib və həmin pul qarşılığında faizlə birlikdə 5 milyon 700 min manat qaytarılıb.

Ü. Məlikov isə yazılanların həqiqətə uyğun olmadığını bildirib.

Rahib Hüseynov bildirib ki, kitabda yazılan adların hamısı doğurdur: "Heç kimə qəsdi-qərəzliyim yoxdur. Mən tutulan günə qədər faiz vermişəm. Həmin kitabdan bir nüsxəsi Elnarda var".

R. Hüseynov onu da deyib ki, Əvəz Qocayev (Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədr müavini) Üsaməddin Məlikova 175 min 800 manat faiz verib.

Ü.Məlikov qeyd edib ki, kimlərinsə pulları onun adına yazılıb.

Sonra Ü. Məlikov təqsirləndirilən R. Hüseynovun suallarını cavablandırıb.

İttihama görə, R. Hüseynov külli miqdarda dələduzluqda təqsirləndirilir. İş üzrə zərərçəkmiş şəxslərdən biri Tovuz rayon İcra Hakimiyyətinin başçısının oğlu Qoşqar Zeynalovdur. R. Hüseynov barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

Qeyd edək ki, R. Hüseynov ləğv edilmiş Nəqliyyat Nazirliyində nazir müavini vəzifəsində çalışmış, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sabiq sədri Arif Əsgərovun baldızı oğludur.

R. Hüseynovun digər qardaşı Emil Hüseynov barəsində də cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıb. E. Hüseynov 9 il müddətinə azadlıqdan məhrum edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR