Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən apellyasiya protesti verilib

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən apellyasiya protesti verilib
# 31 iyul 2017 15:43 (UTC +04:00)

Baş Prokurorluq Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən apellyasiya protesti verib.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Bakı şəhər Baş Səhiyyə İdarəsinin Şəhər Narkoloji Dispanserinin baş həkimi Hüseyn Həsənovun 2017-ci ilin yanvar-fevral aylarında qeyd olunan müəssisədə narkoloji xəstəliklə əlaqədar qeydiyyatda olub-olmamaları barədə arayışların verilməsi müqabilində ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə - ümumilikdə 3190 manat məbləğində pulu rüşvət kimi tələb edib alması ilə bağlı Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmənin 24 iyul 2017-ci il tarixli hökmü ilə H.Həsənov 2 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 il 6 ay 29 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub və barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzası 2 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilib.

Həmin hökmdən dövlət ittihamçısı tərəfindən H.Həsənovun barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqinə dair müddəaların xaric edilməsi barədə apellyasiya protesti verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR